“DİQQƏT UŞAQLAR!” DEVİZİ ALTINDA YOL HƏRƏKƏTİNİN TƏHLÜKƏSİZLİYİ AYLIĞI BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 10-dan oktyabrın 10-dək ölkə ərazisində “Diqqət uşaqlar! ” devizi altında yol hərəkətinin təhlükəsizliyi aylığı keçirilir.
Kampaniya çərçivəsində Bakının 20-yə yaxın məktəbində şagirdlərlə görüşlər keçiriləcək və onlar yol hərəkəti təhlükəsizliyi qaydaları haqqında məlumatlandırılacaqlar. Bundan əlavə, aylığı yüksək səviyyədə keçirmək məqsədi ilə yol hərəkəti qaydalarına dair əyani vəsaitlər də çap olunmuşdur.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin keçirdiyi aksiyaya “Gənc liderlər” uşaq təşkilatı və 46 nömrəli məktəbdənkənar tərbiyə işi mərkəzi də qoşulmuşlar. Birgə layihəyə əsasən, uşaq avtoşəhərciyində xüsusi məşğələlərin təşkili ilə bağlı məsləhətləşmələr aparılır.
Aylıq müddətində uşaqlar yol hərəkəti qaydaları ilə bağlı bilik və bacarıqlarını nümayiş etdirəcəklər. Yol hərəkəti qaydaları ilə bağlı viktorinalar, səhnəciklər, şeirlər dinləniləcək, fərqlənənlər mükafatlandırılacaqlar.