DOĞMA RAYONA İNVESTİSİYALAR
Zərdabda, fəaliyyətsiz duran köhnə çörək zavodunun yerində qısa müddətdə gündəlik istehsal gücü 20 ton olan müasir süd zavodunun istehsalat korpusları ucaldılmışdır. AZƏRTAC xəbər verir ki, hazırda obyektdə qızğın iş gedir. Almaniyadan gətirilmiş texnoloji avadanlığın quraşdırıldığı sexlərdə buraxılış-sazlama işləri görülür. Müəssisə doğma şəhərinin iqtisadiyyatına sərmayə yatırmaq qərarına gəlmiş Rusiya biznesmeni Elbrus Məlikovun vəsaiti hesabına tikilir.
Rayon icra hakimiyyətində iş adamının təşəbbüsü müsbət qarşılanmış, onun layihəsi dəstəklənmişdir. Heyvandarlıq fermasının tikintisi üçün 30 hektar torpaq sahəsi ayrılmış, köhnə müəssisənin özəlləşdirilməsi prosesi tezləşdirilmişdir.
Əlbəttə, biznesmenin təşkilatçılıq və işgüzar keyfiyyətləri də öz bəhrəsini vermişdir. 0, köhnə binanı gələcək süd zavodunun tələblərinə uyğun yenidən qurmaq üçün mütəxəssislər cəlb etmişdir. Həmin mütəxəssislərin çoxu hazırda müəssisədə işləməkdə davam edir. Zavodda geniş çeşiddə süd məhsulları - pendir, yağ, kəsmik, xama, yoqurt istehsal olunur. Gələn yay dondurma istehsalını təşkil etmək nəzərdə tutulur.
Biznesmen rayon mərkəzinin yaxınlığında heyvandarlıq ferması tikdirmiş, 30-dək cins inək almışdır. İnəklər iqlimləşmə prosesindən uğurla keçərək Şirvan düzənliyinin bürkülü havasına uyğunlaşmışlar. Bundan əlavə, zavod süd almaq üçün yerli sakinlərlə qabaqcadan müqavilələr bağlamışdır.
Elbrus Məlikovun sözlərinə görə, 2-3 aydan sonra işə salınacaq zavod iki növbədə fəaliyyət göstərəcəkdir. Təsərrüfatda ümumilikdə 150 nəfər çalışacaq, onların orta aylıq əmək haqqı 150-200 manat olacaqdır.