DOSTLUQ ƏLAQƏLƏRİ MÖHKƏMLƏNİR
ÜAK-ın prezidenti Məmməd Əliyev gecəni açaraq bildirdi ki, Azərbaycan ilə Rusiya arasında münasibətlər yüksələn xətlə inkişaf edir və bu səviyyəni qorumaq lazımdır. O vurğuladı ki, Rusiyada martın 14-də keçiriləcək prezident seçkiləri Azərbaycan diasporu üçün də çox vacibdir. M.Əliyev Rusiyada yaşayan azərbaycanlıları vətəndaşlıq borcunu yerinə yetirməyə və prezident seçkilərində fəal iştirak etməyə çağırdı.
Sonra RF xarici işlər nazirinin həmvətənlərlə iş üzrə birinci müavini Eleonora Mitrofanova ikitərəfli Azərbaycan-Rusiya əlaqələrinin səviyyəsindən danışaraq bildirdi ki, iki ölkə arasında münasibətlər, əsasən, yüksək səviyyədə əlaqələr sayəsində dinamik inkişaf edir. O, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya ilk rəsmi səfərinin əhəmiyyətini, humanitar əməkdaşlığımızın rolunu vurğuladı.
Baş nazirin birinci müavini Abbas Abbasov dostluq bayramının iştirakçılarına Prezident İlham Əliyevin və bütün Azərbaycan xalqının səmimi salamlarını və ən xoş arzularını çatdırdı, gecənin təşkilinə görə ÜAK-a təşəkkürünü bildirdi. O dedi: “Rusiya ilə Azərbaycanı çox dərin tarixi köklər, mədəni əlaqələr, çoxdankı dostluq, mehriban qonşuluq əlaqələri, eləcə də strateji tərəfdaşlıq birləşdirir. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin bu gün həyata keçirdikləri işlərdə bir daha öz təsdiqini tapır”.
Milli Məclisin deputatı Mixail Zabelin görüşdə çıxış edərək, Azərbaycan ilə Rusiya arasında münasibətlərin belə yüksək səviyyəyə qalxmasında Prezident Heydər Əliyevin böyük rolunu vurğuladı. Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi, xalq artisti Rasim Balayevin çıxışı da maraqla qarşılandı. O, 30 il əvvəl böyük kinoda ilk debütünün burada olduğunu və baş rolda çəkildiyi “Nəsimi” filminin ilk dəfə məhz burada “Bakı” kinoteatrında göstərildiyini söylədi. “Bakı” Kino-konsert kompleksinin direktoru Lyudmila Serova kinoteatrın yenidən qurulmasında və təmirində göstərdikləri köməyə görə Azərbaycanın Rusiyadakı səfiri Ramiz Rizayevə, ÜAK-a dərin təşəkkürünü bildirdi.
Rusiya və Azərbaycan ictimaiyyəti nümayəndələrinin toplaşdıqları gecədə Moskva Regionlararası Əlaqələr və Milli Siyasət Komitəsinin sədri Mixail Burov, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Rusiyanın Sankt-Peterburq, Çeboksarı, Çelyabinsk, Belqorod, Perm, Voronej, Yaroslavl və digər regionlarının nümayəndələri də iştirak edirdilər.
Sonda Azərbaycan və Rusiyanın tanınmış artistlərinin iştirakı ilə böyük bayram konserti oldu.