DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASINDA BEYNƏLXALQ DƏNİZ GÜNÜ QEYD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 24-də Azərbaycan Dövlət Dəniz Administrasiyasında (ADDA) Beynəlxalq Dəniz Gününə həsr edilmiş yığıncaq keçirilmişdir.
Administrasiyasının rəisi Qüdrət Qurbanov bildirmişdir ki, 1948-ci ilin sentyabrında Birləşmiş Millətlər Təşkilatı Beynəlxalq Dəniz Təşkilatının (BDT) yaradılması barədə qərar qəbul etmişdir. Təşkilatın yaranması gəmiçilik sahəsində təhlükəsizliyin təmin edilməsi, insan həyatının qorunması, yük daşımalarında müəyyən edilmiş qaydalara riayət edilməsi zərurətindən və digər aktual məsələlərdən irəli gəlmişdir. Məhz bu prinsipləri əsas götürən Beynəlxalq Dəniz Təşkilatı tərəfindən 20-dən artıq Konvensiya işlənib hazırlanmışdır və bu gün həmin sənədlərin tələbləri gəmiçiliklə məşğul olan bütün dövlətlər tərəfindən həyata keçirilir.
Qüdrət Qurbanov respublikamızın 1995-ci ildən Beynəlxalq Dəniz Təşkilatının üzvü olduğunu və hazırda qurumla əməkdaşlığın uğurla davam etdirildiyini bildirmişdir. Qeyd edilmişdir ki, Azərbaycan şərəfli dənizçilik tarixinə malikdir və əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün uğurla davam etdirilən xarici siyasət kursunda bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığa üstünlük verilir. Respublikamız tərəfindən BDT-nin 20-dən çox Konvensiyasının, protokol və qətnamələrinin ratifikasiya olunduğu diqqətə çatdırılmışdır. ADDA-nın dənizçilik fəaliyyəti ilə məşğul olan dövlət, qeyri-dövlət müəssisələri, həmçinin gəmi sahibləri və heyət üzvləri tərəfindən beynəlxalq konvensiyaların tələblərinə əməl olunmasını təmin edən mərkəzi icra hakimiyyəti orqanı olduğu vurğulanmışdır.
ADDA-nın rəisi qeyd etmişdir ki, dənizdə gəmiçiliyin təhlükəsizliyi, ətraf mühitin çirklənməsinin qarşısının alınması, liman və liman vasitələrinin mühafizə sistemi administrasiyanın nəzarətdə saxladığı mühüm sahələrdəndir. Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının şəhərdən 40 kilometr məsafədə yerləşən Ələt qəsəbəsinə köçürülməsi və burada beynəlxalq standartlara cavab verən yeni limanın tikintisinə başlanması Azərbaycan dövlətinin gəmiçiliyin inkişafına mühüm önəm verdiyini bir daha təsdiq edir.
Azərbaycan bayrağı altında üzən sərnişin gəmilərinin İSM sənədlər toplusu ilə təmin edildiyi, kadrların peşə hazırlığının artırılması məqsədi ilə ölkəmizin BDT-nin regional seminarlarında müntəzəm şəkildə iştirak etdiyi, bu beynəlxalq təşkilatda təmsil olunan 182 dövlət arasında 4-cü olaraq məhz respublikamızda biometrik məlumatları özündə əks etdirən və beynəlxalq tələblərə cavab verən dənizçi pasportunun hazırlandığı xüsusi vurğulanmışdır.
Azərbaycan dənizçilərinin müasir gəmiçilik sahəsində dünyanın öndə gedən dəstələrindən biri olduğunu BDT-nin 62-ci sessiyasında bu faktın təşkilatın baş katibi, admiral Eftimios Mitropolis tərəfindən də etiraf edildiyini xatırladan Q.Qurbanov, Administrasiyanın kollektivini bayram münasibətilə təbrik etmiş, onlara şərəfli işlərində uğurlar arzulamışdır.