Dövlət İdarəçilik Akademiyasında “Çin Araşdırmalar Mərkəzi”nin açılışı olub VİDEO
Bakı, 8 sentyabr, AZƏRTAC
Sentyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Çin Araşdırmalar Mərkəzi”nin açılışı olub.
AZƏRTAC xəbər verir ki, daha sonra Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) üzvü, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Lyu Haysinin rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunun dəstəyi ilə qurulmuş Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbində olub. Burada qonaqlara Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi, siyasi fəaliyyəti, Azərbaycan tarixindəki rolu barədə ətraflı məlumat verilib.
Sonra görüşün rəsmi hissəsi baş tutub.
Tədbirdə Azərbaycan-Çin münasibətlərinin inkişaf perspektivləri, dövlət idarəçiliyi sahəsində əməkdaşlıq, kadr hazırlığı, elmi-tədqiqat və təhsil əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, ÇKP MK-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Liu Haising çıxışında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Çin Araşdırmalar Mərkəzi"nin yaradılmasını Azərbaycan-Çin əlaqələrinin inkişafında mühüm addım kimi qiymətləndirib.
Nazir bu ilin may ayında Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Pekinə səfəri zamanı Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Partiya Məktəbi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlıq haqqında memorandumun imzalanmasını yüksək qiymətləndirərək, sənədin dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsinin və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaratdığını bildirib.
Nazir Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında formalaşmış qarşılıqlı etimad və şəxsi dostluğun ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını qeyd edib. O, Orta Dəhlizin və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Azərbaycan və Çini daha da yaxınlaşdırdığını bildirib. Liu Haising Çindən Azərbaycana investisiyaların artdığını və iqtisadi əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.
YAP sədrinin müavini Tahir Budaqov Azərbaycan-Çin münasibətlərinin son illərdə nümayiş etdirdiyi yüksək inkişaf dinamikasını qeyd edərək, iki ölkə liderlərinin siyasi iradəsi və strateji baxışlarının əlaqələrin hərtərəfli inkişafında həlledici rol oynadığını vurğulayıb. O, Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın, eləcə də 2026-cı ilin mayında Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Partiya Məktəbi ilə DİA arasında imzalanmış memorandumun əhəmiyyətini qeyd edib.
Tahir Budaqov bildirib ki, əməkdaşlıq kadr hazırlığı, elmi tədqiqatlar, təcrübə mübadiləsi və birgə layihələrlə bağlı istiqamətləri əhatə edir. Onun sözlərinə görə, əldə olunmuş razılaşmalara əsasən, cari ildən dövlət idarəçiliyi məsələləri üzrə əməkdaşlığın genişləndirilməsi və birgə fəaliyyət planının hazırlanması istiqamətində konkret addımlar atılacaq.
Tahir Budaqov Çin Araşdırmalar Mərkəzinin açılışının iki ölkənin xalqları və xüsusilə gəncləri arasında qarşılıqlı anlaşmanın və əlaqələrin daha da gücləndirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.
DİA-nın rektoru, akademik Urxan Ələkbərov Azərbaycan-Çin münasibətlərinin bütün istiqamətlər üzrə iki ölkə liderlərinin qətiyyəti sayəsində dinamik inkişaf etdiyini bildirib. Akademik Çin Araşdırmalar Mərkəzinin açılışını təhsil, elm, mədəniyyət və dövlət idarəçiliyi sahələrində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm hadisə kimi qiymətləndirib.O bildirib ki, Mərkəzdə Çin dilinin öyrənilməsi, Çin mədəniyyəti, tarixi, iqtisadiyyatı və dövlət idarəçiliyi təcrübəsinin araşdırılması, elmi seminarların, konfransların və birgə layihələrin keçirilməsi nəzərdə tutulur. Çin araşdırmalar Mərkəzinin fəaliyyətə başlaması Azərbaycan-Çin münasibətlərinin humanitar və təhsil istiqamətinin daha da gücləndirilməsinə, gənclər və elmi ictimaiyyət arasında əlaqələrin genişləndirilməsinə mühüm töhfə verəcək.