Dövlət Komitəsinin sədri: Keçən il ölkəmizdə nikahların sayı azalıb VİDEO
Bakı, 30 may, AZƏRTAC
Ötən il 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayında azalma müşahidə edilib. Bu rəqəm 2023-cü ildə 1742 nəfər, 2024-cü ildə 1279 olub.
AZƏRTAC xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin mayın 30-da keçirilən iclasında müzakirəyə çıxarılan Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatı təqdim edərkən deyib.
O bildirib ki, 14 iqtisadi rayon üzrə nikah yaşının bir il azaldılması ilə bağlı verilən icazələrin sayında da azalma müşahidə edilib.
“Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2024-cü ildə doğulan qız uşaqları ilə oğlan uşaqları arasındakı fərq azalıb. 2023-cü illə müqayisədə nikahların sayında da azalma müşahidə olunub, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb”, - deyə Dövlət Komitəsinin sədri vurğulayıb.