CƏMİYYƏT
Dövlət Miqrasiya Xidməti Azərbaycanda olan, yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Bakı, 29 sentyabr, AZƏRTAC
Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycan Respublikasında olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə müraciət edib.
DMX-dən AZƏRTAC-a verilən məlumata görə, müraciətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 sentyabr tarixli, 359 nömrəli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2020-ci il noyabrın 2-si saat 06:00-dək uzadıldığı qeyd olunub.
Əcnəbilərin diqqətinə çatdırılıb ki, DMX-in göstərdiyi bütün xidmətlərlə bağlı müraciətlərin qəbulu “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzləri olmayan şəhər və rayonlarda regional miqrasiya idarələrində (Xaçmaz, Yevlax, Ağsu, Lənkəran, Şirvan regional miqrasiya idarələrində), həmçinin www.migration.gov.az saytı üzərindən elektron qaydada həyata keçirilir.
Müvəqqəti olma müddəti (viza müddəti və ya 90 gün) artıq 60 gün uzadılmış əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab edilir.
Karantin müddətində Xidmətin (012) 919 - Çağrı Mərkəzi həftə sonlarında (oktyabrın 3-də və 4-də, 10-da və 11-də, 17-də və 18-də, 24-də və 25-də, oktyabrın 31-də və noyabrın 1-də) məhdud sayda əməkdaşla və rejimdə fəaliyyət göstərəcək. Odur ki, göstərilən tarixlərdə müraciətlər Xidmətin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MigAz mobil tətbiqi vasitəsilə də ünvanlana bilər.
Daha ətraflı məlumatı Xidmətin (012) 919 - Çağrı Mərkəzindən almaq mümkündür.