Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın videoformatda iclası keçirilib
Bakı, 25 iyul, AZƏRTAC
İyulun 24-də Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın növbəti iclası keçirilib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, pandemiya şəraitində ənənəvi olaraq videoformatda keçirilən tədbirdə Şura geniş tərkiblə təmsil olunub.
Tədbirdə çıxış edən DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov 2020-ci ilin ikinci yarısında keçirilməsi nəzərdə tutulan və artıq icrasına başlanılmış fəaliyyət barədə müfəssəl məlumat verib. O, bildirib ki, pandemiya dövrünə təsadüf edən həmin tədbirlər, əsasən onlayn qaydada təşkil edilir. Qeyd olunub ki, Şuranın xətti ilə göstərilən hüquqi, psixoloji və digər məsləhət xidmətlərinin onlayn qaydada göstərilməsi həm bu xidmətlərdən yararlanan əcnəbilərin, həm də xidmət göstərən Şura üzvlərinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi baxımından olduqca vacibdir. Bununla yanaşı, Şura sədri yeni dövrün çağırışlarına cavab verən bir sıra mühüm tədbirlər barədə danışıb. Bildirib ki, hər bir Şura üzvü miqrasiya siyasətinin icrasında kənarda qalmamalı, özünün gündəlik fəaliyyəti ilə bu prosesə töhfə verməlidir.
Ümumi müzakirəyə çıxarılmış məsələlərə münasibət bildirən DMX-nin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev qarşıdan gələn aylarda Şura üzvləri tərəfindən icra olunacaq fəaliyyətlərə münasibət bildirib, təmsil etdiyi qurumun bu fəaliyyətlərə dəstək göstərəcəyini xüsusilə vurğulayıb. Bu istiqamətdə Şura üzvləri ilə birgə icra olunacaq fəaliyyət barədə məlumat verib. Bununla yanaşı, “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı vətəndaş cəmiyyəti institutlarının, xüsusilə İctimai Şuraya daxil olan qeyri-hökumət təşkilatlarının vəzifələri barədə danışıb.
Görüşdə daimi yaşama icazəsi və vətəndaşlıq əldə etmək istəyən əcnəbilərin hüquqi məsələləri, ölkə ərazisində təhsil alan əcnəbilərin üzləşdikləri çətinliklər, miqrant kateqoriyasına aid edilən gənclərin maraqlarına cavab verən yeni fəaliyyətlər, inteqrasiya və adaptasiyası çətin keçən miqrantlara psixoloji dəstək proqramları, bölgələrdə icrası mütləq hesab edilən təbliğat və təşviqat işləri və ümumilikdə, miqrasiya müstəvisinə aid edilən digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu ilin ikinci yarısında keçirilməsi planlaşdırılan layihələrin və tədbirlərin səmərəliliyinin artırılması ilə bağlı irəli sürülən təkliflər geniş müzakirə olunub və bu əsasda mühüm qərarlar qəbul edilib.