Dövlət Miqrasiya Xidmətinin Ucardakı səyyar xidmətinin imkanlarından 12 nəfər istifadə edib
Bakı, 12 fevral, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) Yevlax regional miqrasiya idarəsinin xidməti ərazisi olan Ucarda təşkil olunan səyyar xidmətinin imkanlarından 12 nəfər istifadə edib. Onlardan dördünə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış, bir nəfərə isə daimi yaşamaq üçün icazə vəsiqəsi təqdim edilib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, müraciət edənlərdən biri Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün sənəd verib. Altı nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, həmçinin daimi yaşama, iş icazələrinin alınması ilə bağlı tələb edilən sənədlərin siyahısı təqdim olunub.
Səyyar xidmətin təşkilində məqsəd vətəndaşların, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin məmnunluğunu, onların müraciətlərinin yerində və operativ həllini təmin etməkdir.