Dövlət Neft Şirkətinin Ekologiya İdarəsində toplanış məşqi keçirilmişdir
Bakı, 5 iyul (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsində mülki müdafiə qüvvələrinin şəxsi heyəti ilə “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda, rabitə və xəbərdarlıq üzrə toplanış məşqi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, məşqin əsas məqsədi “Mülki müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin yerinə yetirilməsi, rabitə və xəbərdarlıq sisteminin vəziyyətinin, fövqəladə hadisələrdə qarşıda duran vəzifələrin yerinə yetirilməsi zamanı mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış üzrə hazırlığının yoxlanılması, fövqəladə hadisələrin nəticələrini aradan qaldırarkən qəza xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili məqsədilə mülki müdafiə qüvvələrinin xəbərdarlıq sxemi üzrə toplanış müddətinin müəyyənləşdirilməsi olmuşdur.
Məşqə mülki müdafiə qüvvələrinin 46 nəfər şəxsi heyəti cəlb edilmişdir. Məşqin gedişi zamanı mülki müdafiə qüvvələri ilə sıra baxışı keçirilmiş, şəxsi heyətin siyahısı, avadanlıqların işlək vəziyyətdə olması yoxlanılmış, istifadə qaydaları nümayiş etdirilmiş, fövqəladə hadisələr zamanı xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması ardıcıllığı dəqiqləşdirilmiş, funksional vəzifələr dinlənilmişdir.
Eyni zamanda məşq iştirakçılarına xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunması barədə təlimat verilmişdir.
Məşq zamanı mülki müdafiə qüvvələrinin qarşılıqlı fəaliyyəti yoxlanılmış, qarşıya qoyulmuş məqsədlərə nail olunmuşdur.
Məşqin yekununda prosesə cəlb edilən qüvvələrin iştirakı ilə yekun toplantı keçirilmiş, məşqin nəticələri müzakirə edilərək ümumilikdə qənaətbəxş hesab edilmişdir.