DÖVLƏT ORQANLARI VƏ QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARI XƏZƏRİN EKOLOJİ PROBLEMLƏRİNİ MÜZAKİRƏ EDİRLƏR
Avrasiya Hüquqşünaslar Assosiasiyasının sədri Nadir Abulov tədbir iştirakçılarını - dövlət orqanlarının, siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının nümayəndələrini təqdim etmiş, müzakirə olunacaq məsələ barəsində məlumat vermişdir.
Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının eksperti Şamil Hüseynov Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ətraf mühitin mühafizəsi ilə əlaqədar dövlətin həyata keçirdiyi tədbirlərdən danışmışdır. Xatırlatmışdır ki, bu sahədə 30-dan artıq qanunvericilik aktı, 100-dən yuxarı normativ hüquqi sənəd qəbul edilmişdir. Azərbaycan, demək olar, ətraf mühitin mühafizəsi, ümumiyyətlə, ekologiya ilə əlaqədar bütün konvensiya və sazişlərə qoşulmuşdur.
Çıxış edən digər natiqlər də Xəzərin ekoloji problemləri, onların həlli yolları barədə rəy və təkliflərini bildirmişlər.
Natiqlər bu beynəlxalq su hövzəsinin hərbsizləşdirilməsini, burada elmi tədqiqatların bərpa olunmasını, sənaye tullantılarının təmizləndikdən sonra dənizə axıdılmasını, transmilli korporasiyaların ətraf mühitlə bağlı üzərlərinə götürdükləri öhdəlikləri dönmədən yerinə yetirməsini vacib saymış, Xəzərdə monitorinq aparmaq üçün nüfuzlu beynəlxalq ekoloji komissiyanın yaradılması təklifini irəli sürmüşlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri dəyirmi masa iştirakçılarının qaldırdığı məsələlərə münasibət bildirmiş, suallara cavab vermişlər.