CƏMİYYƏT
Dövlət Pedaqoji Universitetinin tələbələri hidrometeorologiya xidmətinin inkişaf tarixi haqqında məlumatlandırılıblar
Bakı, 1 may, AZƏRTAC
Mayın 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix-coğrafiya fakültəsinin tələbələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Abşeron və Dəniz Hidrometeorologiya Mərkəzinin Bakı (Xırdalan) Hidrometeoroloji Stansiyasında olublar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tələbələrə Azərbaycanda hidrometeorologiya xidmətinin əhəmiyyəti, inkişaf tarixi və istiqamətləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, hidrometeoroloji məlumatların mülki və hərbi aviasiyada, kənd təsərrüfatında, su, energetika sistemində və iqtisadiyyatın digər sahələrində əhəmiyyətindən danışılıb.
Daha sonra tələbələr stansiya ilə yaxından tanış olublar və birgə müşahidələr aparılıb. Onları maraqlandıran çoxsaylı suallar stansiyanın mütəxəssisləri tərəfindən cavablandırılıb.