Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üzrə 500-dən çox müraciətçi ərizəsini təsdiqləyib
Bakı, 21 iyun, AZƏRTAC
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil üzrə sənəd qəbulu və müsahibə prosesi davam edir. Artıq 500-dən çox müraciətçi ərizəsini təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Proqramı idarəetmə qrupunun rəhbəri Turan Topalova söyləyib. Onun sözlərinə görə, daha çox müraciət olunan ölkələr sırasında Böyük Britaniya, ABŞ, İtaliya, İspaniya yer alır: “Bu il ötən illə müqayisədə müraciət olunan ixtisaslar arasında informasiya texnologiyaları, statistika və verilənlərin təhlili, dövlət idarəetməsi, təhsil ixtisas istiqamətləri yer alır. Ötən il Dövlət Proqramına müraciət edənlərdən 337 tələbə dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alır. Hər il dünyanın 19 ölkəsində 80-i bakalavriat, 320-si magistratura səviyyəsi olmaq üzrə 400-dək tələbəyə proqramdan yararlanmaq imkanı yaradılır.
Dövlət Proqramına qəbulda Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunan siyahı əsas götürülür. Seçim sənəd qəbulu və müsahibə olmaqla iki mərhələdən ibarətdir. Müsahibə mərhələsindən sonra əgər nəzərdə tutulan saydan çox müsbət nəticə toplayanlar olarsa, qaydalar çərçivəsində müsabiqə həyata keçirilir. Müsabiqədə minimal keçid balı 40 bal, maksimum 50 baldır. Maksimum balı toplayanlar arasından namizədlər müəyyən olunaraq seçiləcəklər.
Proqrama prioritet ixtisas sahələri ilə yanaşı, cari ildə "Times Higher Education", “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai)” reytinq sistemlərində yalnız universitetlər üzrə “top 10"da yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan, müvafiq siyahıda yer almayan istənilən ixtisas sahəsi üzrə bakalavriat və magistratura proqramlarına qəbul almış şəxslər də təqaüd üçün müraciət edə bilərlər. Proqrama müraciətlər iyulun 14-dək qəbul olunur”.