Dövlət satınalmaları ilə bağlı yeni qaydalar
Bakı, 22 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci bəndlərinə uyğun olaraq, dövlət satınalmaları ilə bağlı yeni qaydalar və tətbiq dairəsi müəyyənləşdirilir.
AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 22-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
59 maddə, 10 fəsildən ibarət olan “Dövlət satınalmaları haqqında” Qanun layihəsinə əsasən qanunvericiliyə avans təminatı, benefisiar mülkiyyətçi, çərçivə sazişi, qarant, icra təminatı, dövlət satınalmalarının vahid internet portalı və s. yeni anlayışlar daxil edilir.
Sənədə əsasən, 3.2 - 3.11-ci, 15.7-ci və 47.1-ci maddələrinin tələbləri nəzərə alınmaqla, bu Qanun satınalan təşkilatlar tərəfindən keçirilən bütün satınalmalara şamil edilir.
Etibarsız təchizatçıların adları reyestrə salınır və onlar 3 il müddətində dövlət satınalmalarında iştirak edə bilməzlər.
Satınalma komissiyası təchizatçıların satınalmalarda iştirakına bu Qanunun 5.1-ci maddəsinə əsasən əvvəlcədən məhdudiyyət qoymayıbsa, sonradan onları dövlət mənsubiyyətinə görə satınalma prosedurlarından kənarlaşdıra bilməz.
Dövlət satınalmaları maliyyə vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, satınalmaların şəffaflıq, aşkarlıq və rəqabətlilik, sənəddə nəzərdə tutulan hallar istisna olmaqla, bərabərlik prinsipləri əsasında həyata keçirilir.
Bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, satınalma komissiyası təchizatçıların satınalmalarda iştirakını məhdudlaşdıra, habelə onlar arasında ayrı-seçkilik yaradan tələblər, meyarlar və prosedurlar müəyyənləşdirə bilməz.
“Dövlət satınalmaları haqqında” Qanun layihəsinə əsasən, məhkəmənin, nəzarət orqanının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qanunla müəyyən edilmiş hüquq və vəzifələrinin icrası ilə bağlı məlumatların açıqlanması halları istisna olmaqla, satınalan təşkilat digər hallarda təchizatçıların kommersiya sirri təşkil edən və ya qanunla qorunan digər məlumatlarını açıqlamır və onları məxfi (konfidensial) saxlayır.
Bu Qanun dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minir.