Dövlət satınalmalarında təchizatçılarla bağlı yeni qaydalar müəyyənləşdirilir
Bakı, 22 iyun, AZƏRTAC
Dövlət satınalmalarında təchizatçılarla bağlı yeni qaydalar müəyyənləşdirilir.
AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 22-də keçirilən iclasının gündəliyinə daxil edilib.
“Dövlət satınalmaları haqqında” Qanun layihəsinə əsasən Azərbaycan Respublikasının beynəlxalq öhdəlikləri ilə nəzərdə tutulduğu və ya dövlət təhlükəsizliyi baxımından müəyyən xarici təchizatçıların və ya müəyyən ölkələrdən (o cümlədən Azərbaycan Respublikasının diplomatik əlaqələri olmadığı ölkələrdən) olan xarici təchizatçıların satınalmada iştirak etməsinə məhdudiyyətlər qoyulduğu hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident təchizatçı Azərbaycan Respublikasında keçirilən satınalmalarda iştirak edə bilərlər.
Satınalma komissiyası təchizatçıların satınalmalarda iştirakına bu Qanunun 5.1-ci maddəsinə əsasən əvvəlcədən məhdudiyyət qoymayıbsa, sonradan onları dövlət mənsubiyyətinə görə satınalma prosedurlarından kənarlaşdıra bilməz.
Bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, satınalma komissiyası təchizatçıların satınalmalarda iştirakını məhdudlaşdıra, habelə onlar arasında ayrı-seçkilik yaradan tələblər, meyarlar və prosedurlar müəyyənləşdirə bilməz.
Bu Qanun dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minir.