Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şura fəaliyyətə başlayıb
Bakı, 29 sentyabr, AZƏRTAC
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında yeni yaradılmış İctimai Şuranın fəaliyyətə başlaması ilə əlaqədar komitə sədrinin Şura üzvləri ilə görüşü keçirilib.
Komitənin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, komitə sədri Anar Quliyev təşkilata seçilmələri münasibətilə Şura üzvlərini təbrik edib, Şuranın komitə ilə əməkdaşlığının səmərəli qurulacağına əminliyini ifadə edib, üzvlərə fəaliyyətində uğurlar arzulayıb.
Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət siyasəti sayəsində son illər ölkədə vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin genişləndiyini, QHT-lərin inkişaf və dövlət quruculuğu proseslərində fəal iştirak etdiyini, dövlət-vətəndaş münasibətlərinin yeni inkişaf mərhələsinə çıxdığını vurğulayıb.
Bildirilib ki, komitə yanında İctimai Şura dövlətimizin başçısının dövlət orqanlarının fəaliyyətində ictimai nəzarətin gücləndirilməsi ilə bağlı tapşırıqları və bu sahədə qanunvericiliyin tələbləri əsas götürülərək yaradılıb.
“Biz şəhərsalma fəaliyyətinin planlaşdırılması və təşkili sahəsində vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlığa, qərarların qəbulunda vətəndaş mənafelərinin, ictimai rəyin nəzərə alınmasına xüsusi önəm veririk. İnanıram ki, bugün fəaliyyətinə başlayan İctimai Şura sağlam və konstruktiv dialoqun genişləndirilməsinə, cəmiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsinə, şəhərsalma proseslərində elmi əsaslandırma, şəffaflıq və ədalət prinsiplərinin təmin olunmasına əhəmiyyətli tövhə verəcək”, - deyə komitə sədri vurğulayıb.
Görüş çərçivəsində dövlətimizin başçısının təşəbbüsü ilə şəhərsalma və memarlıq sahəsində aparılan əsaslı islahatlar, komitə tərəfindən reallaşdırılan əsas layihələr və gələcək planlar barədə Şura üzvlərinə geniş məlumat verilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
İctimai Şuranın üzvləri vətəndaş cəmiyyəti nümayəndələrinin seçici etimadını doğruldacaqlarını, şəhərsalma və memarlıq fəaliyyəti ilə bağlı aktual məsələlərin ictimai müzakirəsi sayəsində daha səmərəli həllinə nail olunacağını bildiriblər.
Daha sonra İctimai Şura üzvlərinin qapalı şəkildə davam etmiş iclasında bir sıra təşkilati məsələlərə dair qərarlar qəbul edilib, o cümlədən səsvermə yolu ilə Şuranın sədri, sədr müavinləri və katibi seçilib, gələcək fəaliyyət reqlamenti qəbul edilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şura üzvləri 112 QHT təmsilçisi tərəfindən 2 il müddətinə seçilib.
2021-ci il sentyabrın 11-də baş tutmuş seçkilər müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq gizli səsvermə yolu ilə keçirilib.
Vətəndaş cəmiyyəti institutları tərəfindən İctimai Şurada üzvlüyə irəli sürülmüş 18 namizəd sırasından səs çoxluğu ilə 11 nəfər üzv seçilib.