DÖVLƏT TƏRƏFİNDƏN AQROLİZİNQ ÜÇÜN İNDİYƏDƏK 210 MİLYON 500 MİN MANAT VƏSAİT AYRILMIŞDIR
Bakı, 30 oktyabr (AZƏRTAC). Oktyabrın 30-da Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında kənd təsərrüfatı naziri İsmət Abasov jurnalistlər üçün mətbuat konfransı keçirmişdir.
İ.Abasov demişdir ki, Azərbaycanda ulu öndər Heydər Əliyevin təməlini qoyduğu aqrar islahatlar Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər ölkəmizdə aqrar sahə dinamik inkişaf edir, yaxşı nəticələr əldə olunur. Sahənin inkişafı ilə bağlı Prezident İlham Əliyev tərəfindən fərman və sərəncamlar imzalanmış, dövlət proqramları qəbul edilmişdir. Dövlət başçısının “Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” və “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamlarına uyğun olaraq kənd təsərrüfatı texnikası, damazlıq heyvanlar, toxum, gübrə və s. alınıb kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə istifadəyə verilmiş, logistik bazaların yaradılması üçün “Aqrolizinq” ASC-yə dövlət tərəfindən indiyədək 210 milyon 500 min manat vəsait ayrılmışdır. Bu yaxınlarda isə, texnikanın icarə müddəti 5 ildən 10 ilədək artırılmışdır. Bütün rayonlarda aqroservis xidmətləri yaradılmışdır. İstehsal prosesində ortaya çıxan texniki problemlər bu qurumların köməyi ilə vaxtında həll olunur. Prezidentin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Sərəncamına uyğun olaraq, hər il fermerlərə yanacaq və motor yağlarının alınması üçün müəyyən subsidiyalar verilir.
İ.Abasov məlumat vermişdir ki, heyvandarlıq sahəsində ötən ilin müvafiq dövri ilə müqayisədə bu ilin 9 ayında 2,2 faiz artım qeydə alınmışdır. Bitkiçilikdə yüksək məhsuldarlığın əldə olunması üçün toxumçuluq sahəsində islahatlar aparılmışdır. Kənd təsərrüfatı məhsulları istehsalının ümumi artımı isə 3 faiz olmuşdur.
Nazir “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın uğurla həyata keçirildiyini və proqram üzrə növbəti illər üçün nəzərdə tutulan bütün tapşırıqların vaxtında və uğurla yerinə yetiriləcəyini söyləmişdir. Bildirmişdir ki, bu il taxıl istehsalında rekord göstərici (3 milyon tona yaxın) qeydə alınmışdır. Kənd təsərrüfatı məhsullarının qiymətində baş verən süni bahalaşmanın qarşısının alınması məqsədilə 2006-cı ildən başlayaraq indiyədək 343 satış yarmarkası keçirilmiş, bu yarmarkalarda 77 min ton məhsul satılmışdır.
Sonda jurnalistlərin sualları cavablandırılmışdır.
######
