Dövlət Xidməti qlobal elektron poçt sistemində boşluqlar aşkar edib
Bakı, 8 iyul, AZƏRTAC
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən “GFI KerioConnect” qlobal elektron poçt sistemində istifadəçi interfeysi və sənəd emalı funksionallıqlarına uzaqdan müdaxiləyə imkan verən üç boşluq – CVE-2025-2975, CVE-2025-2976 və CVE-2025-2977 – aşkar edilib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, aşkar edilən boşluqlar rəsmi olaraq təsdiqlənərək ABŞ-ın Milli Standartlar və Texnologiya İnstitutu (nist.gov) tərəfindən eyniadlı (CVE-2025-2975, CVE-2025-2976 və CVE-2025-2977) identifikasiya kodları ilə Milli Zəifliklər Verilənlər Bazasında (NVD) qeydiyyata alınıb.
Sözügedən boşluqlar barədə qlobal elektron poçt xidmətinin təminatçısı olan və ABŞ-ın Texas ştatında yerləşən proqram təminatı şirkəti “GFI Software” məlumatlandırılıb.
Məlumat üçün qeyd edək ki, 1992-ci ildən fəaliyyət göstərən və ABŞ, Böyük Britaniya, Almaniya, Çexiya və digər ölkələrdə ofisləri olan şirkətin məhsulları dünya üzrə 60 mindən çox təşkilat və müəssisə tərəfindən istifadə olunur.
https://nvd.nist.gov/vuln/detail/CVE-2025-2975