Dövlət Xidmətində Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatının prezidenti ilə görüş olub
Bakı, 3 iyul, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində (AİBNDX) Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatının (EA) prezidenti Mauren Loj ilə görüş keçirilib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı AİBNDX-ın rəisi Məmməd Abbasbəyli qurumun əsas fəaliyyət istiqamətlərindən biri olan keyfiyyət infrastrukturunun inkişafı istiqamətində atılan addımlar, sahə üzrə qarşıya qoyulan hədəflərin reallaşdırılması üçün həyata keçirilən tədbirlər barədə məlumat verib.
Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) nümayəndələrinin də iştirak etdiyi görüşdə Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatına (İLAC) üzvlük və əməkdaşlıq məsələləri müzakirə edilib, nəzəri və praktiki sahələrdə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Sonda təşkilatın keyfiyyət təminatı və istehlakçı məmnuniyyəti sahələrinə dəstəyi qeyd olunub, müvafiq sahədə ölkəmizlə əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.