Dünya Azərbaycanlı Təbiblərinin I Simpoziumunun bağlanış mərasimi olub
Bakı, 21 iyun, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə ilk dəfə olaraq keçirilən Dünya Azərbaycanlı Təbiblərinin Simpoziumunun iyunun 21-də bağlanış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov simpoziumda 1500-ə yaxın şəxsin iştirak etdiyini diqqətə çatdırıb: “Ümidvaram ki, hər kəs öz sahəsi üzrə xeyli yeniliklər əldə etdi və öyrəndiklərini praktikada tətbiq edəcək. Simpozium öz işinə sabah yekun vuracaq. Sonuncu gün Şuşaya səfər nəzərdə tutulub. Ümidvaram ki, belə simpoziumların təşkili davamlı olacaq və daha çox iştirakçını əhatə edəcək. Məqsədimiz odur ki, təkcə xarici ölkələrdə fəaliyyət göstərməyəsiniz. Azərbaycanda da xəstə qəbullarını, cərrahi əməliyyatları həyata keçirəsiniz. Vətəndaşlarımız öz ölkəmizdə sizə müraciət edə bilsinlər. Siz ölkəmizin, Azərbaycan həkiminin xarici ölkələrdə təmsilçilərisiniz. İnanırıq ki, bizi layiqincə təmsil edirsiniz və nümunəvi fəaliyyətinizi davam etdirəcəksiniz. Nəticədə ölkəmizə səhiyyə xidməti almaq üçün gələnlərin sayı da artacaq”.
Sonra panel sessiyalarda aktiv iştirak edən tibb işçilərinə sertifikatlar təqdim edilib.
Tədbir bədii hissə ilə davam edib.
Xatırladaq ki, simpoziumun keçirilməsində əsas məqsəd dünyanın müxtəlif ölkələrində yaşayan və çalışan azərbaycanlı həkimlərlə tibb sahəsindəki yenilikləri paylaşmaq və mütəxəssislər arasında təcrübə mübadiləsini təmin etmək, həmçinin xaricdə yaşayan azərbaycanlı həkimlərin milli səhiyyə sisteminin inkişafı istiqamətində aparılan işlərə öz töhfələrini vermələri üçün yeni imkanlar yaratmaqdır.
İyunun 17-də işə başlayan simpoziumda dünyanın 13 ölkəsində - Türkiyə, Rusiya, Almaniya, ABŞ, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İtaliya, Kanada, Qırğızıstan, Gürcüstan və Rumıniyada çalışan azərbaycanlı həkim-mütəxəssislər iştirak ediblər.