Dünya Bankı ilə sosial sahədə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib
Bakı, 31 mart, AZƏRTAC
Özünüməşğulluq proqramının genişləndirilməsində Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək Layihəsi” də əhəmiyyətli rola malikdir. Beş il müddətində 22 min işsiz şəxsin cəlb ediləcəyi layihənin iştirakçılarının kiçik biznes qurması üçün fəaliyyət sahələri artıq müəyyən edilib. Layihədə iştirak etmək üçün müraciət edənlərin sayı artıq 3 minə yaxındır.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ilə keçirilən görüşdə bildirib.
Nazir Prezident İlham Əliyevin tapşırığına əsasən sosial müdafiə və aktiv məşğulluq proqramlarının genişləndirilməsi, həssas əhali qruplarının həmin proqramlarla əhatə olunması istiqamətində aparılan işlər, sosial islahatlar barədə məlumat verib. Dünya Bankı ilə nazirlik arasında ötən dövrdə birgə icra olunmuş layihələrin əhəmiyyətini diqqətə çatdırıb. Əməkdaşlıq gündəliyinin son illərdə bir sıra yeni istiqamətləri də əhatə etdiyini deyib.
Əmək qanunvericiliyinin və əlilliyin qiymətləndirilməsi sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, əlilliklə bağlı siyasət və prosedurların inkişaf etdirilməsi üzrə yeni əməkdaşlıq təcrübəsinin də formalaşmaqda olduğunu bildirib.
S.Babayev, həmçinin Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığı qeyd edib. Əmək müfəttişliyi sistemində risk əsaslı nəzarət və təkmil mexanizmin yaradılması, bunun üçün zəruri institusional bazanın hazırlanması sahəsində bu əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb.
Görüşdə Dünya Bankı və nazirliyin birgə layihələri üzrə görülmüş işlər və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.