Dünya çempionu Eduard Məmmədov: Seçdiyiniz peşədə lider olmağa çalışın
Bakı, 4 mart, AZƏRTAC
Peşəkar kikboksçu, 28 qat dünya, 11 qat Avropa çempionu, Əməkdar idman ustası və Əməkdar məşqçi, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Eduard Məmmədov “Məktəbdə...” layihəsinin qonağı olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, layihənin növbəti görüşü 292 nömrəli tam orta məktəbdə keçirilib.
5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində məktəbdə qonaq olan E.Məmmədov əvvəlcə məktəbin idman zalında şagirdlərin məşq prosesini izləyib, onlarla səmimi söhbət edib.
Məktəblilərlə interaktiv şəkildə keçən görüşdə qonaq məktəb illəri, sevdiyi müəllimləri, yaddaşından silinməyən məktəb xatirələrindən danışıb, uşaq yaşlarından idmana olan həvəsindən və peşəkar idmana gəlişindən, kikboksinq idman növünün fərqli özəlliklərindən söz açıb.
Prezident İlham Əliyev tərəfindən bir sıra fəxri adlara layiq görülməsini bir idmançı kimi əməyinə verilən ən ali mükafat adlandıran E.Məmmədov dövlətimizin idmana, idmançılara qayğısından, bu sahədə ölkədə yaradılan geniş infrastrukturdan bəhs edib.
İdmanın uşaqların, yeniyetmələrin həyatına, sağlamlığına təsirləri barədə danışan kikboksçu növündən asılı olmayaraq şagirdlərə idmanla məşğul olmağı tövsiyə edib. “Çalışmalısınız ki, seçdiyiniz peşədə lider olasınız”, - deyə şagirdlərə müraciət edən qonaq onlara həyatda uğura nail olmağın yollarından danışıb, məktəbliləri düşündürən sualları cavablandırıb.
Qeyd edək ki, “Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərdə mənəvi-əxlaqi dəyərlərə hörmət və mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrə aludəçiliyin aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə yollarını təbliğ etməkdən ibarətdir.