Dünya Kuboku yarışlarının qalibi: Qəbələ yaddaşımda unudulmaz anlarla qalacaq
Qəbələ, 15 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC
Füsunkar təbiətin, uca dağların və yaşıl meşələrin əhatəsində, təmiz havada belə bir möhtəşəm yarışda iştirak etmək mənim üçün çox xoş oldu. Qəbələ mənim yaddaşımda unudulmaz anlarla qalacaq. Belə ki, mən Dünya Kuboku yarışlarında ilk qızıl medalımı məhz burada qazandım. Buna görə özümü çox xoşbəxt hiss edirəm. Rəqiblərim çox güclü idi, yarış çətin keçdi və sonda mən qalib oldum.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku uğrunda qadınlar arasında pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışlarının qalibi olan Serbiya idmançısı Zorana Arunoviç söyləyib.
Dünya Kuboku yarışlarının qızıl medalını qazanan Zorana Arunoviç deyib: “Qəbələnin təbiəti çox xoşuma gəldi. İlk dəfədir Azərbaycana səfər edirəm və burada hər şeyin gözəl olmasının şahidiyəm. Mən qızıl medal əldə etməklə, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazandım və Serbiyaya qələbə sevinci ilə yola düşürəm”.
O, gələcəkdə yenə Azərbaycana gələcəyini bildirib: “Burada insanlar çox səmimi və qonaqpərvərdirlər. Yarışın təşkilatçılığı çox yüksək səviyyədə idi. Ümumiyyətlə, paytaxtdan uzaqda olan Qəbələ müasirliyi ilə diqqətimi cəlb etdi. Müasir sosial obyektlər, otellər, istirahət mərkəzləri və idman obyektləri Qəbələnin gələcəkdə daha sürətlə inkişaf edəcəyini göstərir”.