DÜNYA TAEKVONDO FEDERASİYASININ BAŞ KATİBİ CİN SUN YANQ: AZƏRBAYCANDA TAEKVONDONUN PARLAQ GƏLƏCƏYİNƏ ƏMİNƏM
Bakı, 16 fevral (AZƏRTAC). Azərbaycanda taekvondonun inkişafından məmnunam. Ümumiyyətlə, burada gördüklərimdən belə qənaətə gəlmişəm ki, Azərbaycanda taekvondonun parlaq gələcəyi var. Bunu Bakıda səfərdə olan Dünya Taekvondo Federasiyasının (WTF) baş katibi Cin Sun Yanq gənclər və idman naziri Azad Rəhimovla görüşündə demişdir.
Gənclər və İdman Nazirliyində keçən görüşdə WTF-nin baş katibinin müavini Çul Ox Kim, qurumun Paralimpiya Komitəsinin rəhbəri Filip Beobo, idman departamentinin meneceri Ceo Kanq Seo da iştirak edirdilər.
Cin Sun Yanq Azərbaycanda taekvondonun inkişafında görülən işləri yüksək qiymətləndirmişdir. “Mən Azərbaycanda taekvondonun inkişaf proqramı ilə tanış olmuşam. Deməliyəm ki, bu WTF-ə üzv ölkələr arasında ən mükəmməl proqramlardan biridir”.
WTF-nin baş katibi bu sahədə görülən işlərin nəticəsi kimi dünya kuboku turnirinin və paralimpiyaçılar arasında birinci dünya çempionatının Bakıya həvalə olunduğunu söyləmişdir. Qonaq iyunda keçiriləcək bu yarışların yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirmişdir.
Nazir Azad Rəhimov isə Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını bildirmişdir. Qısa zaman ərzində ökəmizdə bir neçə iri yarışın təşkil olunduğunu diqqətə çatdıran nazir, Bakının dünya kuboku və paralimpiyaçılar arasında dünya çempionatını yüksək səviyyədə keçirməyə hazır olduğunu vurğulamışdır.
Görüşün sonunda Azad Rəhimova xatirə hədiyyələri təqdim olunmuşdur.
######
