Dünya Təhsil Forumunun direktoru “Yeni çağırışlar”da
Bakı, 20 iyun, AZƏRTAC
İyunun 26-da Dünya Təhsil Forumunun direktoru Dominik Savaj “Yeni çağırışlar” müzakirə proqramında qonaq olacaq.
Bu barədə AZƏRTAC-a məlumat verən təhsilin idarəolunması üzrə mütəxəssis Cəfər Mənsimi bildirib ki, Dominik Savaj ilə “Daha təhsilli gələcək” barəsində danışılacaq.
Dünya Təhsil Forumu təhsil və bacarıqlar nazirlərinin ən böyük illik toplantısıdır. Hər il Londonda keçirilən Dünya Təhsil Forumunda dünya əhalisinin 80 faizindən çoxunu təmsil edən nazirlər və onların baş məsləhətçiləri gələcək təhsil siyasətini müzakirə etmək üçün bir araya gəlirlər. Xatırladaq ki, elm və təhsil naziri Emin Əmrullayev cari ildə baş tutan Dünya Təhsil Forumunda “Davamlılığın inkişafında təhsil və təhsil sistemlərinin inkişafında davamlılıq hansı rola malikdir?” adlı plenar sessiyada çıxış edib.
Dominik Savaj otuz ildən çox Britaniya Təhsil Təchizatçıları Assosiasiyasının baş direktoru olub.
Dünyada bir çox əsas təhsil tədbirlərinin təşkilatçısı olan Dominik Savaj BETT və Təhsil şousunu da təsis edib.
Uzun illər Böyük Britaniyanın müxtəlif təhsil komitələrinin, Britaniya Hökumətinin Təhsil Texnologiyaları üzrə Fəaliyyət Qrupunun və Beynəlxalq Təhsil Şurasının üzvü olub, habelə İqtisadi və Sosial Araşdırmalar Şurasının təhsil tədqiqatları üzrə qrantlar komitəsinin üzvü kimi fəaliyyət göstərib.
Qeyd edək ki, proqram təhsilin idarəolunması üzrə mütəxəssis Cəfər Mənsiminin təqdimatında Elm və Təhsil Nazirliyinin rəsmi feysbuk səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.