DÜNYA TİCARƏT TƏŞKİLATINA ÜZVOLMA MƏSƏLƏLƏRİNƏDAİR DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Hazırda Azərbaycan hökuməti DTT üzvlüyünə ən əlverişli şərtlərlə qəbul olunmanı təmin etmək məqsədi ilə müxtəlif ölkələrin təcrübələrini öyrənir. Azərbaycanın təşəbbüsü və UNCTAD-ın dəstəyi ilə keçirilən bu tədbir də həmin məqsədə yönəlmişdir.
Tədbirdə Azərbaycan ilə yanaşı, SPECA digər üzvləri - Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın nümayəndələri, bu dövlətlərin Cenevrədə DTT məsələləri ilə məşğul olan diplomatları, o cümlədən, Azərbaycanın və Əfqanıstanın DTT yanındakı daimi nümayəndələri, habelə DTT üzvləri olan Oman və Gürcüstanın Cenevrədəki diplomatları iştirak etmişlər. Dəyirmi masada, ümumilikdə, 50-yə yaxın nümayəndə iştirak etmişdir.
Azərbaycanın xarici işlər nazirinin müavini, DTT üzvlüyünə hazırlıq məsələləri üzrə hökumət komissiyasının sədr müavini Mahmud Məmmədquliyev dəyirmi masa iştirakçılarını müzakirələrdə fəal iştirak etməyə çağırmışdır.
UNCTAD rəsmisi Nobert Lebale səmərəli əməkdaşlığa görə Azərbaycan hökumətinə minnətdarlığını bildirmişdir. DTT üzvlüyünə qəbul olunma prosesində ən yüksək nailiyyətin əldə edilməsi üçün müxtəlif təcrübələrin öyrənilməsinin vacibliyini vurğulayan N.Lebale təmsil etdiyi qurumun bundan sonra da Azərbaycan hökuməti ilə əməkdaşlığa hazır olduğunu demişdir.
Tədbirdə Qırğızıstan, Gürcüstan və Omanın təcrübələrinə, habelə, ümumilikdə, bu prosesə və hazırda DTT üzvlərinin Doha İnkişaf Gündəliyi adlanan yeni ticarət danışıqları raunduna dair müvafiq məsələlər müzakirə edilmişdir.