DÜNYADA 300 MİN KOMPYUTER TƏHLÜKƏLİ VİRUSA YOLUXMUŞDUR
Kamasutra adlı yeni kompyuter virusu parnoqrafiya videofilmləri və ya fotolar təklifi ilə elektron məktub şəklində göndərilir. Eyni zamanda Hyxem D, Blackmail E, Blackworm adları ilə tanınan virus bərk diskdə çoxsaylı faylları, o cümlədən Word, Excel və Power Point sənədlərini məhv etməyə qabildir. Fayllardakı informasiya mənasız rəmzlərlə əvəzlənir. Bu virus fayla bərkidilmiş elektron məktub şəklində kompyuterə düşür. Zərərli proqram sistemə daxil edilir və özünü xəstə kompyuterlərdəki elektron poçtun ünvanlarına göndərərək, yolüstü antivirus proqramlarının fəaliyyətini pozur. Virus videofayllar, sənədlər və sıxılmış arxivlər kimi maskalana bilir.
Belə viruslarla bir neçə mübarizə üsulu var. İstifadəçi fərdi kompyuterdə antivirus proqramı quraşdıra, yaxud kompyuteri təmizləyəcək pulsuz mini proqram yükləyə bilər. Sadəcə, ayın 3-də kompyuterdən istifadə olunmazsa, təhlükənin qarşısı alınar.
Mütəxəssislər istifadəçilərə və inzibatçılara imkan daxilində vacib olmayan şəbəkə proqramlarını söndürməyi, habelə əməliyyat sistemləri üçün yeni antivirus proqramları quraşdırmağı tövsiyə edirlər. Sənədləri isə hücumdan parol qoymaqla müdafiə etmək olar.
Virus sadə kompyuter dilində yazıldığı üçün onunla mübarizə aparmaq bir o qədər də çətin deyildir, onun yayılmasının qarşısını almaq isə, əksinə, müşkül məsələdir.