Dünyada əczaçılıq tullantıları ilə ən çox çirkləndirilmiş çaylar müəyyən edilib
Madrid, 16 fevral, AZƏRTAC
York Universitetinin (Kanada) alimləri əczaçılıq tullantıları ilə ətraf mühitin çirkləndirilməsinin miqyasını üzə çıxarmaq, 137 coğrafi regionda yaşayan 471 milyon insanın ətraf mühitə təsirini dəyərləndirmək məqsədilə 104 ölkənin 258 böyük çayından götürülmüş nümunələri təhlil ediblər.
AZƏRTAC xəbər verir ki, tədqiqatın nəticələrinə əsasən, Temza (London) və Amazon (Braziliya) kimi ən iri çaylar aktiv əczaçılıq inqrediyentlərinin zəhərli konsentrasiyaları ilə çirkləndirilib.
Tədqiqata görə, İspaniyada ən çox çirkləndirilmiş zəhərli çay Madrid şəhərindən axan Mansares çayıdır.
Lahor (Pakistan), La-Pas (Boliviya) və Əddis-Əbəbə (Efiopiya) kimi şəhərlərdə çayların məcrasında əczaçılıq tullantılarının ən yüksək qatılığı müşahidə edilib.
Əczaçılıq tullantılarının ən yüksək kumulyativ qatılığı Böyük Səhradan cənubda yerləşən Afrika ölkələrində, Cənubi Asiya və Cənubi Amerikada, aşağı və orta gəlir səviyyəsinə malik ölkələrdə, həmçinin çirkab sularının təmizlənməsi infrastrukturunun pis olduğu bölgələrdəki çaylarda müəyyən edilib.
Təhlil aparılan çaylarda daha çox aşkarlanan aktiv əczaçılıq inqrediyentləri epilepsiya əleyhinə karbamazepin, metformin, propranolol, sulfametoksazol olub.
Bu araşdırma York Universitetinin rəhbərlik etdiyi “Global Pharmaceutical Surveillance Project”in (“Qlobal əczaçılıq nəzarəti layihəsi”) bir hissəsi və ətraf mühitin dərmanlarla çirkləndirilməsinə dair ilk qlobal tədqiqatdır.
Tədqiqatçılar ümid edirlər ki, ətraf mühitin əczaçılıq preparatları ilə çirkləndirilməsinin müşahidəsinin gücləndirilməsi yolu ilə onların insan sağlamlığına və ətraf mühitə təsirinin məhdudlaşdırılması üçün strategiyanın işlənib hazırlanması mümkün olacaq.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid