“E-sosial” portalından qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı 2,7 milyonu ötüb VİDEO
Bakı, 5 fevral, AZƏRTAC
Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən ümumilikdə 94 layihə və elektron xidmət üzrə iş aparılıb. Onlardan 69-u təkmilləşdirilmiş, 25-i isə yeni hazırlanmış layihələrdir.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov fevralın 5-də keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, ötən il “E-sosial” portalından 17,2 milyon dəfə istifadə edilib, e-xidmətlərə ümumilikdə 27,1 milyon müraciət olub. Proaktiv qaydada 258 min təyinat aparılıb. Vətəndaşlar tərəfindən 711 min e-arayış alınıb.
Kənan Əkpərov bildirib ki, "E-sosial” portalı və mobil tətbiqi təkmilləşdirilərək müraciətlərin statusunun izlənilməsi, əməkhaqqı kalkulyatorundan istifadə mümkün olub. Həmçinin portalda süni intellekt əsaslı “iDOST" köməkçi botu sorğuların cavablandırılması və birbaşa xidmət keçidlərinə yönləndirmə funksiyaları ilə istifadəçilərin ixtiyarına verilib.
“Hazırda portalda və mobil tətbiqdə istifadədə olan “Sənə özəl” menyusu əlilliyi olan şəxslər üçün reabilitasiya ilə bağlı məlumatları tam əlçatan edir. Eyni zamanda, tətbiq daxilindəki rəqəmsal barkod və QR kod sistemi pensiyaçılara, müavinət və təqaüd alan şəxslərə tərəfdaş market, aptek və klinikalarda real endirimlərdən yararlanmağa imkan verir. “E-sosial” portalından qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı 2,7 milyonu ötüb", - deyə mərkəzin direktoru diqqətə çatdırıb.