Ədəbiyyat İnstitutunun əməkdaşları Polşada tələbələrə mühazirə oxuyublar
Bakı, 18 may, AZƏRTAC
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyeva və elmi işçi Lalə Ələkbərova “Erasmus” proqramı çərçivəsində Polşanın Bialystok Universitetində tələbələrə mühazirə oxuyublar.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutundan bildirilib. Lalə Ələkbərova klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı və onların Polşa ədəbiyyatında təzahürü, Şəfa Əliyeva isə ədəbi cərəyanlara müasir ədəbi-nəzəri baxış, XX əsrdə ədəbi və elmi məktəb yaratmış sənətkarlar, eləcə də akademik İsa Həbibbəylinin Azərbaycan ədəbiyyatında dövrləşdirmə konsepsiyası ilə bağlı tələbələr qarşısında məruzələrlə çıxış ediblər.
Qeyd edək ki, “Erasmus” proqramı Ədəbiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarovun və hazırda Polşada olan gənc alimlərin səyləri ilə qazanılıb.