Ədəbiyyat Muzeyində Mədinə Gülgünün yaradıcılığına həsr olunmuş tədbir keçirilib
Bakı, 18 fevral, AZƏRTAC
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində milli-demokratik poeziyanın görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi Mədinə Gülgünün 100 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə şairin nəvəsi, muzeyin Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin elmi işçisi Aysel Məhərrəmova məruzə ilə çıxış edərək Mədinə Gülgünün uşaqlıq, gənclik və ilhamlı yaradıcılıq illəri haqqında məlumat verib. Məruzəçi, həmçinin 1937-ci il repressiyası və şairin ailəsinin Bakıdan Təbrizə köçmək məcburiyyətindən bəhs edib. O, şairin Təbrizdə “Vətən yolu”, “Azərbaycan” qəzetlərində dərc olunmuş şeirlərindən də danışıb.
Tədqiqatçı çıxışında Mədinə Gülgünün bütün yaradıcılıq dünyasını, bədii irsini təhlil edərək bu poeziyanın əsas mahiyyəti olan vətənpərvərlik, milli istiqlal və məhəbbət mövzularına da toxunub, kitablarının Bakıda, Təbrizdə, Moskvada nəşr edildiyini vurğulayıb.
Seminar muzeyin Ekspozisiya şöbəsinin müdiri Tomiris Babanlı, Sergey Yesenin adına Rusiya-Azərbaycan ədəbi əlaqələr filialının müdiri Natəvan Mustafayeva, Elmi fondlar şöbəsinin müdiri Nərmin Əliyeva, Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin böyük elmi işçisi Gülnar Əqiq, Doktorantura və elmi inkişaf şöbəsinin elmi işçisi Rəhilə Sadıqovanın çıxışları və müzakirələrlə davam edib.
Sonda muzeyin Mədəni irs və mənbəşünaslıq şöbəsinin müdiri professor Xatirə Bəşirli, Komparativistika və bədii tərcümə şöbəsinin müdiri, professor Şəfəq Əlibəyli Mədinə Gülgünlə bağlı xatirələrini bölüşüblər.