Ədliyyə Akademiyasında 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilmişdir
Bakı, 30 mart (AZƏRTAC). Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilmişdir.
Akademiyanın prorektoru, hüquq üzrə fəlsəfə doktoru İlham Abbasov qeyd etmişdir ki, bu soyqırımılarının başlanğıcı XX əsrin əvvəllərində, 1813-cü ildə Rusiya və İran arasında bağlanmış Gülüstan sülh müqaviləsinə əsasən, Azərbaycanın Araz çayı boyunca ikiyə parçalanması ilə başlanmışdır.
Tədbirdə vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında qeyd edildiyi kimi, 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoymuşdur. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbt olunması başlanmışdır. Qısa müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilmişdir. Cənubi Qafqazın zorla sovetləşdirilməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın digər bir sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan etmişlər. Sonrakı dövrdə bu ərazilərdəki deportasiyanı daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atılmışdır.
Qeyd olunmuşdur ki, son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar min illər boyu yaşadıqları öz doğma tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.
Yığıncaqda bildirilmişdir ki, 1948-1953-cü illərdə əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuş, başqa sözlə, qovulmuşlar.
Yığıncaqda Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin Dağlıq Qarabağ probleminin sülh yolu ilə, beynəlxalq hüquq normalarına uyğun ədalətli həllinə inamı artırdığı xüsusi vurğulanmışdır.