ƏDLİYYƏ İŞÇİLƏRİ PEŞƏ BAYRAMLARINI QEYD ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, peşə bayramı münasibətilə nazirlikdə təntənəli yığıncaq keçirilmişdir. Tədbirdə ədliyyə naziri Fikrət Məmmədov məruzə ilə çıxış etmiş, ümummilli liderimiz Heydər Əliyev tərəfindən bəxş edilmiş bu bayramın əhəmiyyətini vurğulamış, ölkəmizin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan geniş quruculuq işlərindən, əldə olunan nailiyyətlərdən və dövlətimizin başçısının ədliyyə orqanları qarşısında qoyduğu mühüm vəzifələrin icrası sahəsində görülən tədbirlərdən danışmışdır.
Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edərək bu əlamətdar bayramın hər il ədliyyə və məhkəmə işçiləri tərəfindən böyük ruh yüksəkliyi ilə qeyd olunduğunu bildirmişdir.
Ədliyyə işçiləri və gənc mütəxəssislər çıxış edərək, ümummilli liderimizin müəyyən etdiyi xəttin həyata keçirilməsində və ölkəmizin hərtərəfli tərəqqisində dövlətimizin başçısına layiqli yardımçı olacaqlarını bildirmişlər.
Yığıncaqda Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul edilmiş, ölkəmizin sosial iqtisadi tərəqqisi, vətəndaş cəmiyyətinin inkişafı və xalqımızın firavanlığı naminə yorulmaz fəaliyyəti ilə xalqımızın qəlbində böyük sevgi və rəğbət qazanmış dövlətimizin başçısına ədliyyə sisteminin inkişafına göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq ifadə olunmuş, demokratik və şəffaf şəraitdə keçən parlament seçkilərində məğlubiyyətə uğramış radikal müxalifətin əsassız siyasi ambisiyalarına nail olmaq üçün ictimai-siyasi sabitliyi pozmaq, qarşıdurma və xaos yaratmaq cəhdləri qətiyyətlə pislənilmişdir.
Bayram münasibətilə ədliyyə işçilərinin böyük bir qrupu təltif edilərək, onlara xüsusi rütbələr, qiymətli hədiyyələr və fəxri fərmanlar verilmiş, ədliyyə orqanlarına ilk dəfə işə qəbul olunan əməkdaşlara xidməti vəsiqələr təqdim olunmuşdur.
Həmçinin, ədliyyə işçilərinin peşə bayramı ilə bağlı silsilə tədbirlər təşkil olunmuş, Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Mühafizə Alayında gənc əsgərlərin təntənəli andiçmə mərasimi keçirilmiş, yeni, ən müasir tələblərə cavab verən məişət obyektlərinin açılışı olmuşdur.