ƏDLİYYƏ NAZİRLİYİNDƏ GÖRÜŞ
Ədliyyə nazirinin müavini Vilayət Zahirov Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlar ilə sıx əməkdaşlığını qeyd edərək, bu layihənin məhkəmə nəzarətçiləri və məhkəmə icraçılarının peşəkarlıq səviyyəsinin artmasında, beynəlxalq təcrübəyə yiyələnməsində mühüm rolunu vurğulamışdır. Layihə çərçivəsində Bakıda və Azərbaycanın digər bölgələrində təlim kursları keçirilmiş, qabaqcıl Avropa ölkələrinə tədris səfərləri təşkil edilərək, mütərəqqi iş üsulları və müasir informasiya texnologiyaları ilə tanışlıq imkanları yaradılmışdır. Eyni zamanda, bütün yerli qurumlar kompyuter avadanlığı ilə təchiz edilmiş, məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları xidməti nəzdində elektron məlumat mərkəzinin yaradılmasına başlanılmışdır.
Layihənin həyata keçirilməsində fəal və səmərəli əməkdaşlığa görə Ədliyyə Nazirliyinin rəhbərliyinə və kollektivinə təşəkkür edən qonaq, ölkəmizdə müvafiq qanunvericiliyin təkmilləşdirilməsi, məhkəmə qərarlarının icrası vəziyyətinin yaxşılaşdırılması üzrə görülən tədbirləri müsbət qiymətləndirmişdir.
Görüşdə ədalət mühakiməsinin səmərəliliyinə xidmət edən layihənin müsbət nəticələr verməsi vurğulanaraq, növbəti tədbirlər müzakirə edilmiş, əməkdaşlığın perspektivləri barədə faydalı fikir mübadiləsi aparılmışdır.