ƏDLİYYƏ NAZİRLİYİNDƏ GÖRÜŞ
Ədliyyə naziri Fikrət Məmmədov Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki nümayəndəliyinin rəhbərləri ilə görüşmüşdür.
Azərbaycanda səlahiyyət müddəti başa çatan xanım Fridrun Meder ölkəmizlə uğurla həyata keçirilən əməkdaşlığın müsbət nəticələrindən və məhkumların şəraitinin yaxşılaşdırılması üzrə görülən tədbirlərdən məmnun olduğunu vurğulamış, onun fəaliyyəti ərzində Komitənin işinə Ədliyyə Nazirliyi tərəfindən göstərilən hərtərəfli dəstəyə və faydalı əməkdaşlığa görə minnətdarlığını bildirmişdir. O, nümayəndəliyin yeni təyin olunmuş rəhbəri cənab Floran Kornazı nazirə təqdim etmişdir.
Azərbaycanda səmərəli fəaliyyətinə görə xanım F.Mederə təşəkkür edən ədliyyə naziri ona gələcək işlərində uğurlar arzulamış, nümayəndəliyin yeni rəhbəri F.Kornazın fəaliyyəti dövründə BQXK ilə hərtərəfli əməkdaşlığın daha da inkişaf edəcəyinə ümidvar olduğunu vurğulamışdır. O, Azərbaycanda möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli, o cümlədən penitensiar sistemdə aparılan islahatlara toxunmuş, dövlətimizin insan hüquqlarının müdafiəsinə xüsusi diqqətini, humanizm və demokratiya prinsiplərinə sadiqliyini qeyd etmiş, ölkə başçısının iradəsi ilə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə analoqu olmayan Saziş imzalanaraq Komitənin nümayəndələrinin cəzaçəkmə yerlərinə sərbəst baş çəkmələri, məhbuslarla görüşmələri üçün şərait yaradılmasının bunun daha bir nümunəsi olduğunu bildirmişdir.
Görüşdə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Azərbaycan hökuməti arasında Sazişin müddətinin uzadılmasının hər iki tərəf üçün əhəmiyyətli olması vurğulanmışdır.