ƏDLİYYƏ NAZİRLİYİNDƏ MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
Nazirliyin rəhbər heyətinin iştirak etdiyi mətbuat konfransını açan nazir, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Prezident İlham Əliyev tərəfindən bu il aprelin 18-də Ədliyyə Nazirliyi haqqında yeni Əsasnamənin təsdiqinin, habelə ədliyyə orqanlarında qulluqkeçmə haqqında Qanunun qəbul edilməsinin ədliyyə sisteminin inkişafında mühüm mərhələ olduğunu bildirmişdir. Nazir, ədliyyə orqanları tərəfindən insan hüquqlarının təmin edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, dövlətimizin başçısının müvafiq Fərmanına uyğun olaraq məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində atılan mühüm addımlar və digər sahələr üzrə görülən tədbirlər barədə ətraflı məlumat vermişdir.
Nazirliyin çoxşaxəli fəaliyyətində aşkarlığın təmin edilməsi üçün görülən işləri xatırladan Fikrət Məmmədov, notariat və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı (VVADQ) orqanlarının işi, hüquqi şəxslərin dövlət qeydiyyatı, məhkəmə qərarlarının vaxtında və düzgün icrası, beynəlxalq hüquqi yardım və digər sahələrdə son dövrdə görülən işləri konkret faktlarla diqqətə çatdırmışdır.
Bildirilmişdir ki, təkcə cari ilin birinci yarısında nazirlik tərəfindən 1000-ə yaxın qanun, fərman, sərəncam və digər sənədlərin layihələrinə rəy verilmiş, 70 normativ hüquqi aktın layihəsi hazırlanmış, 75 normativ hüquqi və normativ xarakterli akt ekspertizadan keçirilmişdir. Son 5 il ərzində isə 550 qanun və digər normativ hüquqi aktın layihəsi hazırlanmış və 3600 belə sənədə rəy verilmişdir.
Qeyd olunmuşdur ki, USAİD təşkilatı ilə birgə milli qanunvericiliyin elektron məlumat bazası (www.e-qanun.az
Ötən dövrdə notariat orqanlarında 907 min hərəkət, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair isə 136 min əməliyyat rəsmiləşdirilmişdir. Həmçinin hüquqi şəxslərin qeydiyyatı proseduru xeyli sadələşdirilmiş, bu sahədə ölkəmizin başçısının təşəbbüsü ilə müvafiq qanun layihəsinin qəbul edilməsi nəticəsində qeydiyyat müddəti qısaldılaraq, kommersiya qurumlarına münasibətdə 5 gün müəyyən edilmişdir. Cari ilin 6 ayı ərzində 2.650 hüquqi şəxs dövlət qeydiyyatına alınmış, onlardan 2.472-si kommersiya təşkilatı olmuşdur. Bu dövrdə, həmçinin 299 (cəmi 2.200) qeyri-kommersiya təşkilatı qeydiyyata alınmış, 252 (cəmi 2.561) mətbu nəşr dövlət reyestrinə daxil edilmişdir.
Nazirlikdə 380 beynəlxalq sənəd layihəsinin hüquqi ekspertizası keçirilmiş, mülki, ticarət, ailə və cinayət işlərinə dair hüquqi yardımla bağlı daxil olmuş 3.721 beynəlxalq sənəd və sorğunun icrası üçün müvafiq tədbirlər görülmüşdür.
Eyni zamanda, penitensiar sistemdə həyata keçirilən islahatlar, bu sahədə ictimai nəzarətin genişləndirilməsi, məhkumların saxlanma şəraiti, ərzaq və digər təminatlarının əsaslı surətdə yaxşılaşdırılması, nizam-intizamın gücləndirilməsi ilə bağlı görülən işlər qeyd olunmuşdur.
Mətbuat konfransında ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı Avropa Şurası və digər beynəlxalq qurumlarla bu sahədə birgə həyata keçirilən layihələrdən danışılmış, məhkəmələrdə icra və əmək intizamının möhkəmləndirilməsi, əhalinin haqlı narazılığına səbəb olan nöqsanların aradan qaldırılması üçün görülən tədbirlər xüsusi vurğulanmışdır.
Sonda məhkumların hüquqlarının qorunması, məhkəmələrin fəaliyyəti, hakimlərin təminatı, məsuliyyəti, onların işində şəffaflığın təmin edilməsi və digər məsələlərlə bağlı suallara ətraflı cavab verilmişdir.