Ehtiyatda olan general: Gənclərimiz düşmənə qalib gəlmək əzmindədirlər
Bakı, 20 noyabr, AZƏRTAC
Müdafiə Nazirliyi tərəfindən Silahlı Qüvvələrdə həyata keçirilən və təqdirəlayiq hesab etdiyim tədbirlərdən biri də ordu ilə xalq arasında əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlərdir.
Bu sözləri sabiq korpus komandiri, general-leytenant Yaşar Aydəmirov AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirib.
“Bunu son vaxtlar mətbuatdan da açıq izləmək olar. Misal olaraq, cəbhəboyu zonada yerləşən rayon icra hakimiyyətlərinin başçılarının iştirakı ilə Müdafiə Nazirliyi tərəfindən keçirilən müşavirələri, ehtiyatda olan hərbi qulluqçuların və hərbi vəzifəlilərin təlimlərə cəlb edilməsi, onların ordumuzda silahlanmaya qəbul edilmiş yeni silah-texnika və istifadə qaydaları ilə tanışlığını göstərmək olar”, - deyə ekspert vurğulayıb.
Y.Aydəmirov deyib: “Hərbi xidmət dövründə şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinə və vətənpərvərlik tərbiyəsinə xüsusi önəm verən bir komandir kimi, mənim diqqətimi çəkən ən mühüm məqamlardan biri də son vaxtlar hərbi-vətənpərvərlik sahəsində həyata keçirilən tədbirlərdir. Rayonlarda keçirilən tədbirlərdə artıq hərbçilərlə yanaşı, on minlərlə mülki vətəndaşımız da iştirak edir. Təbii ki, bu, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində böyük rol oynayır və onları hərbi xidmətə, hərbi peşəyə yiyələnməyə həvəsləndirir.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müstəqil ordu quruculuğu strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan ordusunun döyüş qabiliyyəti gündən-günə artır. Ordu quruculuğunda həyata keçirilən tədbirlər, göstərilən dövlət qayğısı heç şübhəsiz ki, istər gənclərin, istərsə də hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyətinin daim yüksək səviyyədə olmasında öz sözünü deyir, onları yeni uğurlara, qələbəyə sövq edir. Bu sahədə görülən işlər dövlət müstəqilliyimizin qorunması ilə yanaşı, həm də işğal altındakı torpaqlarımızın azad olunmasına xidmət edir”.
Müdafiə Nazirliyinin dəvəti ilə dəfələrlə hərbi-vətənpərvərlik sahəsində tədbirlərdə iştirak etdiyini vurğulayan general bildirib: “Gənclərin, ictimaiyyətin nümayəndələrinin, əsgərlərin valideynlərinin, veteran və əlillərin bu cür tədbirlərdə necə coşqu, həvəs ilə iştirak etmələrinin şahidi olmuşam. Gördüklərim, müşahidə etdiklərim əsasında əminliklə deyə bilərəm ki, gənclərimiz düşmənə qalib gəlmək əzmindədirlər”.