“Ekol Mühəndislik Xidmətləri” QSC neft emalı zavodlarında ekoloji vəziyyətin yaxşılaşdırılmasında yaxından iştirak edir
Bakı, 4 iyul (AZƏRTAC). “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) neft emalı zavodlarında texnoloji proseslər nəticəsində formalaşan sənaye-çirkab axıntı sularının təmizlənməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi layihələrini uğurla həyata keçirir.
AZƏRTAC xəbər verir ki, QSC-nin tullantıların emalı departamenti tərəfindən orta hesabla bir ildə Heydər Əliyev adına Bakı neft emalı zavodunda 10 milyon kubmetrdən artıq, “Azərneftyağ” neft emalı zavodundan isə 11 milyon kubmetrə qədər sənaye-çirkab, axıntı suları təmizlənir və il ərzində hər iki zavodun istehsalat sahələrində təqribən 40 min tona qədər neftşlam emal edilərək zərərsizləşdirir ki, bu da ətraf mühitə atılan zərərli maddələrin miqdarının xeyli dərəcədə azalmasına və ekoloji vəziyyətin yaxşılaşmasına xidmət edir.
QSC-nin əsas sifarişçilərindən olan Heydər Əliyev adına Bakı neft emalı zavodunun və “Azərneftyağ” neft emalı zavodunun istehsalat sahələrinin yaşayış məntəqələrinə yaxın və əhalinin sıx yaşadığı ərazilərdə yerləşməsi, bu müəssisələrdən atılan tullantıların təmizlənməsinə və zərərsizləşdirilməsinə xüsusi yanaşma metodları və yeni texnologiyaların tətbiqi zərurətini doğurur. Bu məqsədlə QSC xidmət sahələrindəki mövcud mexaniki təmizləyici qurğuların məhsuldarlığını artırmaqla yanaşı, yeni texnika və texnologiyaların istehsalata tətbiqi istiqamətində də zəruri tədbirlər həyata keçirir. Hazırda xidmət sahələrində istismar olunan İsveçrənin “Alfa-Laval” şirkətinin modul dekantor və İtaliyanın “Pieralisi” şirkətinin modul trikantor qurğuları öz müsbət nəticələrini verməkdədir.
QSC neft emalı zavodlarında ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması və yeni texnologiyaların tətbiqi sahəsində tədbirlərini davam etdirir.