“Ekol Mühəndislik Xidmətləri” xarici əlaqələrini genişləndirir
Bakı, 19 fevral (AZƏRTAC). “Ekol Mühəndislik Xidmətləri” QSC-in baş ofisində Belçikanın “SİTA Remediation” şirkətinin nümayəndələri - biznesin inkişafı üzrə mütəxəssis Steve Leri, istehsalat əməliyyatları üzrə məsul şəxs Gunther Van Ombergenlə görüş keçirilmişdir.
QSC-dən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Steve Leri şirkətlərinin fəaliyyəti haqqında qısa məlumat verərək, SİTA-nın Norveç, İspaniya və digər ölkələrdə həyata keçirdiyi layihələri təqdim etmişdir. Bildirmişdir ki, şlamın emalı və zərərsizləşdirilməsi şirkət tərəfindən yuma, termik və bioremediasiya üsulları ilə aparılır. Bunun üçün ilk növbədə sifarişçi təşkilatların layihə ərazilərində monitorinq işləri aparılır və nəticədən asılı olaraq təmizləmə üsulları və qurğular seçilir.
S.Leri qeyd etmişdir ki, təmsil etdiyi şirkət çirklənmə dərəcəsi 8-10 faiz olan neft əsaslı qazma şlamını 1 faizədək təmizləmək imkanına malikdir. O, neft ölkəsi olan Azərbaycanda da şlamın emalı və zərərsizləşdirilməsi üçün uyğun qurğuların və texnologiyaların seçilib təqdim edilməsinə hazır olduqlarını bildirmişdir.
QSC-in baş direktoru Ramil Əliyev qeyd etmişdir ki, Azərbaycanda 150 ildən artıqdır ki, neft hasil edilir. Nəticədə neft, sənaye sahələrində yığılıb qalmışdır. Hazırda da neftin hasilatı zamanı formalaşan müxtəlif əsaslı şlamların emal edilərək zərərsizləşdirilməsi ölkəmizin əsas ekoloji problemlərindən biridir. QSC də fəaliyyət sahələrinə uyğun olaraq bu problemin həlli ilə məşğul olan bir şirkətdir. Hazırda qurumun həyata keçirəcəyi aktual ekoloji layihələr sırasında respublikamızın neft sənayesi müəssisələrinin istehsalat sahələrində mövcud müxtəlif əsaslı şlamların emalı və zərərsizləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Ümid edirik ki, QSC-in bu problemləri həll etməsi üçün şirkətiniz tərəfindən daha müasir texnologiyalar, məhsuldar və səmərəli qurğular təqdim ediləcəkdir.
Görüşdə qərara alınmışdır ki, “SİTA Remediation” şirkətinin nümayəndələri QSC-in layihə ərazilərinə baxış keçirsinlər və bu sahələrdəki şlamlardan nümunələr götürsünlər. Bu nümunələr SİTA-nın xüsusi laboratoriyalarında təhlil edildikdən sonra uyğun qurğular haqqında konkret təkliflər təqdim olunsun.