Ekologiya və təbii sərvətlər naziri Ağsuda vətəndaşları qəbul edib
Bakı, 30 mart, AZƏRTAC
Dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin edilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ağsu şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Ağsu, Ucar, Kürdəmir, Şamaxı, Qobustan və Göyçay rayonlarının sakinlərini qəbul edib.
Qəbuldan əvvəl nazir Muxtar Babayev və Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Qəbul zamanı meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib.
Müraciətlərdə əksini tapan məsələlərin bir qismi yerindəcə həll edilib, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.