Ekologiya və təbii sərvətlər naziri Salyanda vətəndaşları qəbul edib
Bakı, 25 noyabr, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, noyabrın 25-də ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Salyan rayonunda yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Muxtar Babayev və Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, mineral xammal, işlə təminolunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.