Ekologiya və təbii sərvətlər naziri Zaqatalada üç rayonun sakinlərinin müraciətlərini dinləyib
Bakı, 28 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, ədalət prinsipinin tam təmin edilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirir.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən sentyabrın 28-də ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Zaqatala şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Zaqatala, Balakən və Qax rayonlarının vətəndaşlarını qəbul edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edən nazir və Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə abidənin önünə gül dəstələri düzüb, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Qəbul zamanı ətraf mühitin mühafizəsi və monitorinqi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya və s. məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Müraciətlərdə yer alan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb. Digər məsələlər üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını ifadə ediblər.