Ekologiyaya mənfi təsir əhalinin sayının artmasından daha çox, gəlirlərin artması ilə bağlıdır
Bakı, 26 fevral, AZƏRTAC
2100-cü ildə dünya əhalisinin sayı təqribən 11 milyard nəfər olacaq. Misli görünməmiş demoqrafik dəyişikliklər ekologiyaya mənfi təsir göstərməklə, iqtisadi və sosial problemlər doğurmaqla bərabər, həm də yeni imkanlar yaradır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər BMT-nin İqtisadi və sosial məsələlər Departamentinin Əhali Bölməsi tərəfindən hazırlanmış “Qlobal əhali artımı və davamlı inkişaf” adlı yeni məruzədə öz əksini tapıb. Məruzə müəllifləri qeyd edirlər ki, 1950-ci ildən bəri Yer kürəsinin əhalisinin sayı üç dəfədən çox artıb: 1950-ci ildə təxminən 2,5 milyarda bərabər olmuş bu göstərici 2021-ci ildə 7,9 milyarda yaxınlaşıb. Bu əsrin sonunda dünya əhalisinin sayı 11 milyard nəfərə çatacaq.
BMT ekspertlərinin fikrincə, əhalinin belə şiddətli artması ölüm faizinin və doğum sayının səviyyəsinin düşməsindən ibarət əsas demoqrafik tendensiya ilə bağlıdır. Əksər ölkələr üçün bu keçid dövrü başa çatıb. Həmin ölkələrdə əhali qocalır, əhalinin sayının artması prosesi isə kifayət qədər ləng gedir. Ancaq bir sıra başqa dövlətlər üçün demoqrafik dəyişikliklər hələ erkən və ya aralıq mərhələsindədir, bu dövlətlər əhalinin sayının kəskin artması və çox sürətli urbanizasiya dövrünü yaşayırlar.
Əhalinin sürətli artımı sosial-iqtisadi tərəqqinin ən böyük nailiyyətlərindən birinin - ictimai səhiyyənin, qidalanmanın, şəxsi gigiyenanın və tibbin inkişafı sayəsində insanın orta ömrünün əhəmiyyətli dərəcədə artmasının nəticəsidir. Digər tərəfdən, bu, beynəlxalq ictimaiyyətin bütün dünyada insanların uşaqların sayı haqqında şüurlu və məsuliyyətli qərar qəbul etmək üçün lazımlı bilik və vasitələrlə təmin etməyə qabil olmamasının nəticəsidir.
Ekspertlərin fikrincə, sayı fasiləsiz artan dünya əhalisini yedirtmək və ətraf mühitə vurulan zərəri yumşaltmaq üçün qida məhsullarının istehsalı və istehlakı metodlarını təkrar gözdən keçirməyin vaxtı çatıb.