“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 16 dekabr, AZƏRTAC
Görkəmli alim, akademik Həsən Əliyevin 110 illik yubileyi münasibətilə keçirilən “Məktəblilərin II respublika ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” müsabiqəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, müsabiqəyə iki minə yaxın IV-XI sinif şagirdi qatılıb. Final mərhələsində məktəblilər il ərzində yetişdirdikləri ekoloji təmiz məhsulların nümunələrini nümayiş etdiriblər.
Tədbirdə Təhsil Nazirliyinin şöbə müdiri Vasif Məmmədov çıxış edərək ekoloji cəhətdən təmiz kənd təsərrüfatının inkişafı və Azərbaycanın aqrobiomüxtəlifliyinin qorunması sahəsində məktəblilərin maarifləndirilməsi baxımından müsabiqənin əhəmiyyətini xüsusi vurğulayıb.
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə qeyd edib ki, bu ilin yanvar-dekabr aylarında keçirilən müsabiqənin final mərhələsinə yüz məktəbli vəsiqə qazanıb. Ölkədə ilk dəfə məktəblilər tükənməkdə olan aqrar biomüxtəlifliyin toxum bankını yaradıblar.
Tədbirdə iştirak edən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin rəhbəri Patrik Şlyager ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik məsələlərinin müasir dünyamızda aktual olduğunu diqqətə çatdırıb.
Digər çıxış edənlər də məktəblilərə aqrobiomüxtəlifliyin qorunması işində uğurlar arzulayıblar. Tədbirdə, həmçinin belə maarifləndirici layihələrin zəruriliyi vurğulanıb.
Sonda münsiflər heyəti tərəfindən seçilən ən yaxşı təcrübəçilik işlərinin müəllifləri medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Bununla yanaşı, müsabiqədə qaliblərin əl işlərindən ibarət sərgi təşkil olunub.