Ekspert: Ali təhsildə praktiki bilik çatışmazlığı ciddi problemdir
Bakı, 16 dekabr, Aysel Azadqızı, AZƏRTAC
Azərbaycanın ali təhsil müəssisələrinin əksəriyyətində maddi-texniki baza, laboratoriyalar və tələbələrin praktiki bacarıqlar qazanması üçün zəruri şərait demək olar ki, yox səviyyəsindədir. Bu isə xüsusilə mühəndislik və tətbiqi ixtisaslar üzrə təhsil alan tələbələrin praktiki biliklər əldə etməsində ciddi çətinliklər yaradır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində ixtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev bildirib. Onun sözlərinə görə, ali təhsil müəssisəsini bitirdikdən sonra əmək bazarına daxil olmaq istəyən gənclər işəgötürənlər tərəfindən məhz praktiki biliklərin olmaması səbəbindən çətinliklərlə üzləşirlər: “Bu prosesin təməli ali təhsil müəssisəsində formalaşmalıdır. Universitetlər açdıqları ixtisaslar üzrə maddi-texniki bazanı təmin etməli, laboratoriyalarda tələbələrin real praktika keçməsi üçün şərait yaratmalıdırlar”.
Ekspert qeyd edib ki, bir neçə ali təhsil müəssisəsində beynəlxalq standartlara uyğun laboratoriyaların və maddi-texniki bazanın mövcudluğu sevindirici haldır: “Lakin ümumi mənzərə ürəkaçan deyil. Əksər universitetlərdə laboratoriyaların olmaması tələbələri ciddi çətinliklərlə üz-üzə qoyur. Bu səbəbdən işəgötürənlər daha çox xarici ali təhsil müəssisələrini bitirən məzunlara üstünlük verirlər”.
Ramin Nurəliyev mühəndislik ixtisaslarını misal çəkərək bildirib ki, bəzi universitetlərdə maşın mühəndisliyi kimi ixtisaslar açılsa da, tələbələr bu sahə üzrə real laboratoriya şəraitində praktika keçə bilmirlər: “Eyni problemlər pedaqoji ixtisaslarda da müşahidə olunur. Pedaqoji ixtisası bitirən tələbə praktiki bilikləri yetərli olmadığı üçün müəllimlərin işə qəbulu imtahanında birbaşa universitetdə qazandığı biliklərlə iştirak edə bilmir. Məcbur qalır repetitor yanına getsin və ya əlavə kurslara yazılsın”.
Mütəxəssis vurğulayıb ki, ali təhsil müəssisələrində hələ də sovet dövründən qalma formal praktika yanaşması davam edir: “Halbuki inkişaf etmiş ölkələrin təhsil sistemlərində tələbələrin real istehsalat və təcrübə mühitində praktik bacarıqlar qazandığının şahidi oluruq. Məhz bu səbəbdən xarici universitet məzunları əmək bazarında daha rəqabətqabiliyyətli olurlar”.
O, hüquq ixtisası üzrə vəziyyətə də diqqət çəkib: “Ali təhsil müəssisəsini bitirən hüquqşünas məzunun iddia ərizəsi yazmaqda çətinlik çəkməsi ciddi siqnaldır. Dördüncü kurs tələbəsi məhkəməyə müraciət qaydasını bilmirsə, bu artıq ali təhsil müəssisəsinin məsuliyyətidir”.
Ramin Nurəliyev bildirib ki, universitetlərin beynəlxalq reytinqlərə (QS, Şanxay və s.) daxil olması üçün əsas şərtlərdən biri elmi araşdırmaların aparılması və beynəlxalq məqalələrin dərc olunmasıdır: “Bu istiqamətdə ölkəmizdə ciddi boşluqlar mövcuddur. Ali təhsil müəssisələrinin rəhbərləri və elmi dərəcəsi olan müəllimlər beynəlxalq elmi araşdırmalara və məqalə yazılışına daha çox təşviq edilməlidirlər. Bu, universitetlərin beynəlxalq mövqeyini birbaşa gücləndirir”.
Ekspert əlavə edib ki, xarici tələbələrin universitetlərə cəlb edilməsi, beynəlxalq dərəcəli müəllimlərin tədris prosesinə cəlb olunması da reytinq göstəricilərinə müsbət təsir edir.
Alimlərin fəaliyyətinə toxunan Ramin Nurəliyev qeyd edib ki, hazırda ən həssas məqamlardan biri professor-müəllim heyətinin beynəlxalq elmi fəaliyyətlərdən kənarda qalmasıdır: “Elm və Təhsil Nazirliyi, AMEA və digər aidiyyəti qurumlar bu məsələdə daha fəal olmalı, müəllimləri beynəlxalq elmi məqalələrin yazılmasına təşviq etməlidirlər.
Laboratoriyaların maddi-texniki bazasının genişləndirilməsi və praktiki biliklərin artırılması istiqamətində real addımlar atılarsa, yaxın beş il ərzində Azərbaycanın daha çox ali təhsil müəssisəsi beynəlxalq reytinq cədvəllərində yer ala bilər”.