Ekspert: Azərbaycan “OPEC+” razılaşmasının ən fəal üzvlərindəndir
Bakı, 19 iyun, AZƏRTAC
Azərbaycanda Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) ilə əməkdaşlıq 2020-ci ildən aktuallaşıb. OPEC-in əsas məqsədi dünyada neft qiymətlərini tənzimləməkdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli söyləyib.
“O cümlədən də bunun üçün ölkələr arasında kvotaların və hasilatın həcminin müəyyənləşdirilməsidir. Bizim də marağımızdadır ki, neftin qiymətləri yüksək olsun və Azərbaycanın milli sərvəti ucuz satılmasın”,- deyə ekspert bildirib.
O, həmçinin “OPEC+” ilə əməkdaşlığımızın qarşılıqlı fayda üzərində qurulduğunu qeyd edib: “Azərbaycan əvvəldən “OPEC+” razılaşmasının ən fəal üzvlərindən biri olub. Bu qurumun demək olar ki, bütün iclaslarında və görüşlərində ölkəmiz yaxından iştirak edir. “OPEC+”un hasilatın tənzimlənməsi ilə əlaqədar qərarlar da ölkəmiz tərəfindən icra olunur. “OPEC+” tənzimləmə proseslərinə başlayandan sonra bazarda doğrudan da neftin qiymətləri 15-20 dollardan 100-120 dollara qədər qalxdı, indi isə 70-80 dollar intervalında saxlanmağa çalışılır. Azərbaycan “OPEC+” ölkələri arasında mühüm neft ixracatçısı kimi “OPEC+”un bütün qərarlarını dəstəkləyir və o istiqamətdə işlərini təşkil edir”.