Ekspert: Sahibkarlığın inkişafı dövlətin iqtisadi siyasətində prioritetlik təşkil edir
Bakı, 23 iyun, AZƏRTAC
Azərbaycanda sahibkarlığın inkişafına təsir edən ciddi amillər mövcuddur. Nəzərə almaq lazımdır ki, sahibkarlıq sahəsində yoxlamaların azaldılması ilə bağlı ölkə başçısı səviyyəsində sahibkarlıq subyektlərinin inkişafına böyük dəstək verilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, ekspert Tural İsmayılov deyib.
Ekspert qeyd edib ki, bu qərarlardan sonra sahibkarlıq sahəsinin xüsusi inkişaf etdiyini, bu sahədə dövlət büdcəsinə daxil olan artımları müşahidə etdik: “Sahibkarlığın İnkişafı Fondu, eyni zamanda Azərbaycanda sahibkarlıqla bağlı ərsəyə gələn bir çox təşkilatların dövlət tərəfindən təşviq edilməsi, onların inkişafının dövlətin iqtisadi siyasətində prioritet təşkil etməsi sahibkarlığın inkişafına təsir edən mühüm amillər sırasındadır. Bundan başqa, Azərbaycana daxili və xarici investisiyaların cəlbi məsələsində dövlət tərəfindən tam şəffaflıq və uğurlu tender layihələri həyata keçirilir. Burada istənilən sahibkarlıq subyekti müsabiqə şərtlərini ödəyərək ən yaxşı layihələri qazana bilir”.
T.İsmayılov, həmçinin vurğulayıb ki, ölkədə sahibkarlıq fəaliyyəti üçün şəffaf mühitin olması, sahibkarlığın inkişafının dövlət başçısı tərəfindən prioritet iqtisadi siyasət elan edilməsi bu sahənin xüsusi inkişafına və ölkədə sahibkarlıq anlayışının daha da dirçəlməsinə kömək edir.