Ekspert: Yeni əməkhaqqı modeli dövlət qulluğunda şəffaflığın artırılmasına xidmət edir
Bakı,19 mart, AZƏRTAC
Dövlət qulluğunda əməkhaqqı sisteminin daha müasir, vahid və sistemli model əsasında təşkil olunması xüsusi əhəmiyyət kəsb edir. Yeni yanaşma əməkhaqqı mexanizminin optimal, balanslı və davamlı struktur daxilində formalaşdırılmasına imkan yaradır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Aslan Əzimzadə bildirib.
Onun sözlərinə görə, həyata keçirilən dəyişiklik əməkhaqqı sisteminin daha şəffaf və ədalətli prinsiplər üzərində qurulmasını təmin edir. Əməkhaqqı komponentlərinin aydın şəkildə müəyyənləşdirilməsi nəticəyönümlü yanaşmanı gücləndirir və dövlət qulluğunda fəaliyyətin effektivliyini artırır.
Ekspert qeyd edib ki, əvvəlki modeldə müxtəlif əlavələr şəklində təqdim olunan ödənişlərin vəzifə maaşına daxil edilməsi əməkhaqqı strukturunun vahidləşdirilməsinə, onun daha sabit və proqnozlaşdırılabilən xarakter almasına şərait yaradır.
“Yeni əməkhaqqı modelinin tətbiqi dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş mühüm addımlardan biri kimi qiymətləndirilə bilər. Dövlət qulluqçularının rifah səviyyəsinin yüksəldilməsi idarəetmə sistemində daha sabit və dayanıqlı mühitin formalaşmasına xidmət edir. Bu kontekstdə qeyd etmək lazımdır ki, dövlət idarəetmə sistemində şəffaflıq və hesabatlılıq prinsiplərinin gücləndirilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir”, – deyə A.Əzimzadə vurğulayıb.
Ekspert bildirib ki, sosial təminatın, xüsusilə də əməkhaqqı səviyyəsinin artırılması bu istiqamətdə mühüm preventiv mexanizmlərdən biri kimi çıxış edir. Yeni əməkhaqqı modeli dövlət qulluqçularının rifahını yüksəltməklə idarəetmədə etik risklərin azaldılmasına töhfə verən mühüm alət kimi qiymətləndirilə bilər.
A.Əzimzadə əlavə edib ki, beynəlxalq təcrübə də bu yanaşmanın effektivliyini təsdiqləyir. Onun sözlərinə görə, Sinqapurda həyata keçirilmiş islahatlar nəticəsində dövlət qulluqçularının əməkhaqqıları özəl sektorla müqayisə edilə bilən səviyyəyə çatdırılıb ki, bu da dövlət xidmətinin cəlbediciliyini artırmaqla yanaşı, qeyri-şəffaf davranış risklərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.
“Oxşar təcrübə Honkonqda da müşahidə olunub. Aparılmış tədqiqatlar əməkhaqqının artırılmasının qeyri-etik davranışlarla bağlı rəsmi şikayətlərin və hüquqi halların azalması ilə müşayiət olunduğunu göstərir. Avropa Komissiyasının yanaşmalarına uyğun olaraq bir sıra ölkələrdə dövlət sektorunda əməkhaqqı sistemləri sadələşdirilərək vahid və daha funksional modellərə keçilib. Bu isə əməkhaqqı strukturunun mürəkkəbliyinin azaldılmasına və dövlət idarəçiliyinin ümumi səmərəliyinin artırılmasına xidmət edib”, – deyə ekspert diqqətə çatdırıb.
Sonda qeyd olunub ki, ölkəmizdə dövlət qulluğunda yeni əməkhaqqı modelinə keçid yalnız struktur dəyişikliyi ilə deyil, eyni zamanda, idarəetmə sisteminin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə yönəlmiş mühüm institusional addım kimi qiymətləndirilməlidir.