ELDAR SALAYEV BARƏSİNDƏ HƏBS QƏTİMKAN TƏDBİRİ DƏYİŞDİRİLMİŞDİR
Bununla əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Azərbaycan Respublikasında hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, kütləvi iğtişaşa hazırlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və ya israf etmə maddələri ilə başlanmış cinayət işi üzrə aparılan istintaq hərəkətləri nəticəsində, bu məqsədlərlə Rəsul Quliyevin tapşırığı ilə müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərdən, o cümlədən sabiq səhiyyə naziri Əli İnsanovdan və “Azərikimya” Dövlət Şirkətinin sabiq prezidenti Fikrət Sadıqovdan toplanmış pul vəsaitlərinin Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Eldar Salayevə verildiyi, sonuncunun ölkədə hakimiyyət çevrilişinə hazırlıq və Rəsul Quliyevin qayıdışı ilə əlaqədar yuxarıda adları çəkilən şəxslərlə birlikdə müxtəlif mənzillərdə, eləcə də bağ evlərində keçirilən gizli görüşlərdə, müvafiq planların hazırlanmasında, bütün bu proseslərlə bağlı zəruri təşkilati və maliyyə təminatı məsələlərinin həllində iştirakı sübuta yetirildiyinə, keçirilmiş üzləşdirmələrlə və axtarış zamanı götürülmüş maddi sübutlarla təsdiqləndiyinə görə, o, 2005-ci il oktyabrın 29-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 220.1-ci (kütləvi iğtişaşa hazırlıq) və 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə məsuliyyətə cəlb olunaraq, barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edən Eldar Salayev Azərbaycan elminin inkişafındakı xidmətlərini, 4 dəfə ağır cərrahiyyə əməliyyatı keçirdiyinə görə daimi həkim nəzarətində olmasının zəruriliyini, habelə istintaqa yaxından kömək göstərməklə səmimi ifadələr verdiyini nəzərə alaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş etmişdir.
Baş prokuror demişdir ki, Salayev Eldar Yunis oğlunun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi məsələsinə yenidən baxılmış, istintaqın gedişində təqsirini qismən etiraf etməklə digər təqsirləndirilən şəxslərin, o cümlədən Əli İnsanov və Akif Muradverdiyevin ifşa olunmasına kömək göstərməsi, gözlərinin kataraktası və digər xəstəliklərinin mənfi istiqamətdə inkişaf etməsi kimi hallar nəzərə alınaraq, onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə əlaqədar mən Bakı şəhəri Nəsimi rayon məhkəməsinə təqdimat vermişəm və məhkəmənin 2005-ci il 16 noyabr tarixli qərarı ilə həbs qətimkan tədbiri dəyişdirilmişdir.