Eldəniz Əmirov: Azərbaycan ilə Macarıstan arasında ticarət dövriyyəsi kəskin şəkildə artacaq
Bakı, 21 avqust, AZƏRTAC
Azərbaycan ilə Macarıstan arasında olan iqtisadi əlaqələri biz təfsilləşdirsək, müstəqillik dövründə müstəqilliyin əvvəllərində 2010-cu ilə qədər, 2010-cu ildən 2022-ci ilə qədər və 2022-ci ildən bu günə qədər olmaqla üç mərhələyə bölmək olar. 2010-cu ildə Azərbaycan və Macarıstan arasında əməkdaşlığa dair müqavilə imzalandıqdan sonra 2014-cü ildə artıq Azərbaycan-Macarıstan biznes forumu keçirilib. 2014-cü il Azərbaycan və Macarıstan arasında iqtisadi əlaqələrin, o cümlədən də ticarət dövriyyəsinin daha yuxarı səviyyədə olduğu 95 milyon dollara çatdığı bir il olub.
Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov söyləyib.
E.Əmirov bildirib ki, hazırda isə iki ölkə arasında ticarət dövriyyəsi 47,4 milyon dollar yaxındır ki, bunun da böyük hissəsi idxalın payına düşür. 45 milyon idxal 2,3 milyondan bir qədər artıq isə ixracın payına düşür: “Hazırda Azərbaycan və Macarıstan arasında olan əlaqələr imkan verəcək ki, iki ölkə arasındakı ticarət dövriyyəsinin idxal və ixrac baxımında nisbətləri dəyişməyə doğru getsin. Belə ki, 2022-ci ildə Rusiya-Ukrayna arasında olan müharibədən sonra Macarıstanın kəskin şəkildə Azərbaycanın enerji ehtiyatlarına ehtiyac yaranmışdı. Artıq ötən ilin sonunda isə Buxarestdə Macarıstan-Rumıniya, Gürcüstan və Azərbaycanın birgə imzaladığı bir sənədlə Azərbaycanda istehsal olunacaq elektrik enerjisinin Qara dənizin dibi ilə Macarıstana qədər çatdırılması layihəsinin konsepsiyası irəli sürülüb. Nəticə etibarı ilə göründüyü kimi, həm Azərbaycan qazının Avropada, eyni zamanda, Macarıstanda da yer alması gələcəkdə Macarıstana ötürüləcək Azərbaycan qazının həcminin getdikcə artması, ölkəmizə istehsal olunacaq elektrik enerjisinin Macarıstana ixrac olunması iki ölkə arasındakı ticarət dövriyyəsini kəskin şəkildə artıracaq”.
İqtisadçı-ekspert əlavə edib ki, hazırda Azərbaycanda 1,1 milyard dollarlıq Macarıstan investisiyası var və bu, gələcəkdə investisiyaların artmasına daha da böyük töhfə verəcək.